Bakı. 10 dekabr. REPORT.AZ/ "Geriyə, diplomatik münasibətlərimizin 23 illik tarixinə nəzər yetirdikdə çox şeyə nail olduğumuzu düşünürəm".
Bunu "Report"a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin səviyyəsini şərh edərkən deyib.
Səfir ikitərəfli münasibətlərdə Azərbaycan və İsrailin hələ əldə edə biləcəyi çox şeyin olduğunu qeyd edib.
Səfir kimi prioritet məqsədlərindən danışan D.Stav bildirib ki, fəaliyyət aspektlərindən biri kənd təsərrüfatı olacaq: "Bu sektorun vacibliyini tam başa düşürəm. Xüsusən də neftin qiymətinin aşağı düşdüyü məqamda bu vaciblik artır".
Diplomat həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafına diqqət ayıracağını söyləyib: Əlbəttə, "mədən yataqlarımızın çox olduğu halda, bu, nəyimizə lazımdır?" deyə soruşa bilərsiz. Amma bu, ətraf mühitin mühafizəsi baxımından vacibdir. İkincisi, enerji mənbələriniz çox olsa, neft və ya qaz olmasından asılı olmayaraq, mədən yataqlarından əldə olunanları daha çox sata bilərsiz".