Çinin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Çinin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb Xarici işlər naziri Elmar Məmmədyarov səfir Honq Jiu Yini qəbul edib
Xarici siyasət
9 İyun , 2016 17:07
Çinin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Bakı. 9 iyun. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Çinin Azərbaycandakı səfiri Honq Jiu Yini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşləri və səfər zamanı imzalanan sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

E.Məmmədyarov Azərbaycanın nəqliyyat və tranzit imkanları haqqında danışaraq Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Çini təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin mühüm hissələrindən biri ola biləcəyini deyib. O, iki ölkə arasında humanitar və turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirib. 

XİN başçısı beynəlxalq gündəlikdə olan vacib məsələlərə münasibətdə Azərbaycan və Çinin mövqeyinin üst-üstə düşdüyünü qeyd edərək, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman qurum çərçivəsində Çin ilə yaxın əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.

Səfir Honq Jiu Yin ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, 2016-cı ilin mayında Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi Menq Jianzu və Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin Azərbaycana səfərlərinin bunun bariz nümunəsi olduğunu deyib. 

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfir Honq Jiu Yina Azərbaycan və Çin arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi