Azərbaycan və Argentina arasında əməkdaşlıq Buenos-Ayresdə müzakirə olunub

Azərbaycan və Argentina arasında əməkdaşlıq Buenos-Ayresdə müzakirə olunub ​Azərbaycan parlament nümayəndə heyəti Argentinaya səfər edib
Xarici siyasət
11 Mart , 2015 11:57
Azərbaycan və Argentina arasında əməkdaşlıq Buenos-Ayresdə müzakirə olunub

Bakı. 11 mart. REPORT.AZ/ Millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə Azərbaycanın Milli Məclisinin üzvləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov 9-10 mart tarixlərində Argentinada səfərdə olub. XİN-dən "Report"a verilən məlumata görə, Azərabaycan parlament nümayəndə heyəti səfər vaxtı Argentina Respublikasının vitse-prezidenti və Senatının sədri Amado Boudou, Deputatlar Palatasının sədri Xulian Dominguez, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçiriblər.

Görüşlərdə Azərbaycan və Argentina parlamentləri arasında əməkdaşlıq, bu xüsusda hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyəti, parlamentlərarası əməkdaşlığın Azərbaycan-Argentina münasibətlərinin dərinləşdirilməsinə verə biləcəyi töhfələr müzakirə olunub. Tərəflər Azərbaycan və Argentina arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğundan və hər iki ölkənin beynəlxalq məsələlərə münasibətdə mövqelərinin üst-üstə düşməsindən məmnunluğunu bildirmişlər. Tərəflər xüsusi olaraq qeyd etmişlər ki, beynəlxalq hüququn aliliyi və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə hörmətlə yanaşılması beynəlxalq nizamın təmin olunması üçün önəmlidir. Görüşlərdə, habelə iki ölkə arasında iqtisadi-ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq, eyni zamanda regional təhlükəsizlik mövzuları da müzakirə edilmişdir. Azərbaycanlı parlamentarlar Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişəyə münasibətdə beynəlxalq təşkilatların mövqeyi, münaqişənin nizamlanmasının gələcəkdə regionda sülh, əməkdaşlıq və inkişafa təsiri imkanları barədə məlumat vermişlər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə də görüşmüşdür. Nazir H.Timerman Azərbaycanı Argentinanın yaxın dostu və tərəfdaşı adlandırmış, iki ölkə arasında son illərdə ikitərəfli münasibətlərin inkişafından, Azərbaycana iki dəfə etdiyi səfərlərdən, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı anlayışa söykənən Azərbaycan-Argentina əməkdaşlığından məmnunluğunu bildirmişdir. Tərəflər Azərbaycan-Argentina əlaqələrinin daha da genişləndirilməsi üçün iqtisadi, mədəni, humanitar, təhsil sahələrində əməkdaşlığın təşviqi mövzuları ətrafında da fikir mübadiləsi aparmışlar. Görüşdə, habelə regional mövzular, Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin inkişaf strategiyası, regional əməkdaşlığı, qlobal enerji təhlükəsizliyindəki rolu, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr kimi mövzular da diqqət mərkəzində olmuşdur.

Səfər çərçivəsində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (İSEN) “Azərbaycan və onun inkişaf strategiyası”, habelə Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARİ) isə “Xəzər hövzəsinin geosiyasəti” mövzularında müvafiq olaraq təqdimat və dəyirmi masa təşkil edilmişdir. Hər iki tədbirdə azərbaycanlı millət vəkilləri Cavanşir Feyziyev, Fuad Muradov və Asim Mollazadə müvafiq mövzularda çıxışlar etmişlər. Çıxışlardan sonra natiqlər iştirakçıların çoxsaylı sullarını cavablandırmışlar.

Səfər vaxtı Azərbaycanın Argentinalı Dostları Klubu və Azərbaycanın Argentinadakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan gecəsi” keçirilib. Tədbirdə Argentinanın hökumətinin yüksək rəsmiləri, qanunvericilik orqanının üzvləri, siyasi analitiklər, elmi-akademik çevrələrin, yerli KİV-lərin nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycanın Argentinalı Dostları Klubunun sədri Xorxe Marmol Kolombres, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, La Plata Dövlət Universitetindəki Azərbaycanşünaslıq kafedrasının müdiri professor Norberto Konsani, Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain, azərbaycanlı millət vəkilləri Cavanşir Feyziyev və Asim Mollazadə, Argentina Senatında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri senator Xose Maria Roldan və Argentina Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri deputat Xulia Perie çıxış etmişlər. Çıxışların ardınca bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı xüsusi videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, 2011-ci ildən Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasının hər birində tərkibinə müxtəlif siyasi partiyaların üzvü olan senator və deputatların daxil olduğu Azərbaycanla parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi