​ABŞ-da Üzeyir Hacıbəyliyə və Rəşid Behbudova həsr olunmuş poçt markaları buraxılıb

​ABŞ-da Üzeyir Hacıbəyliyə və Rəşid Behbudova həsr olunmuş poçt markaları buraxılıb Markaların buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub
Xarici siyasət
17 Sentyabr , 2015 11:13
​ABŞ-da Üzeyir Hacıbəyliyə və Rəşid Behbudova həsr olunmuş poçt markaları buraxılıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan klassik musiqisinin qurucusu, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da xüsusi poçt markaları buraxılıb. Markaların buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Bu barədə “Report”a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.

ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markalarının üzərində hər iki musiqi xadiminin şəkillərinin müşayiətilə “Üzeyir Hacıbəyli (1885-1948): Azərbaycan klassik musiqisinin banisi, 130 il” və “Rəşid Behbudov (1915-1989): Əfsanəvi Azərbaycan müğənnisi, 100 il” sözləri yazılıb. Ü.Hacıbəyliyə həsr olunmuş markanın üzərində dahi bəstəkarın “Koroğlu” operasından notlar yerləşdirilib.

Qeyd edək ki, bu, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Üzeyir Hacıbəyli və Rəşid Behbudov irsinin ABŞ-da tanıdılması məqsədilə bu il həyata keçirilən silsilə tədbirlərin bir tərkib hissəsidir. Belə ki, sentyabrın 19-da əfsanəvi “Arşın mal alan” filminin Hollivudda premyerası keçiriləcək. Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında nümayiş olunacaq.

Həmçinin, Kaliforniya ştatının tanınmış şəhərlərindən olan Santa Monika şəhəri bəyannamə qəbul edərək, sentyabr ayının 18-nin şəhərdə “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağını bəyan edib.

Son xəbərlər

Orphus sistemi