​Xəzər dənizində nərə balığının ovuna qoyulan qadağa davam edəcək

​Xəzər dənizində nərə balığının ovuna qoyulan qadağa davam edəcək Bu növlərin ovlanması yalnız tədqiqat və balıqların süni bərpası məqsədilə həyata keçiriləcək
Region
1 İyun , 2015 14:11
​Xəzər dənizində nərə balığının ovuna qoyulan qadağa davam edəcək

Bakı. 1 iyun. REPORT.AZ/ Xəzər dənizi Su Bioresursları komissiyasının üzvləri nərə ehtiyatlarının vəziyyəti ilə bağlı müzakirələr aparıblar. Tərəflər 2015-2016-cı illərdə də kommersiya məqsədi ilə bu növlərin ovuna qadağanın davam etdirilməsi barədə razılığa gəliblər. "Report" Balıqçılıq üzrə Rusiya Federal Agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburqda Xəzər dənizi Su Bioresursları Komissiyasının 35-ci iclası keçirilib. Tədbirdə bütün Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.

Görüşün nəticələrinə görə, tərəflər 2015-2016-cı illərdə nərə balığı növlərinin ovuna qoyulan qadağanın uzadılması barədə razılığa gəliblər. Bu növ balıqların ovlanması yalnız tədqiqat və balıqların süni bərpası məqsədilə həyata keçiriləcək.

Görüş iştirakçıları 2014-cü ildə IV Xəzər sammitində imzalanan Xəzər dənizinin su bioresurslarının səmərəli istifadəsi və qorunması haqqında Sazişin tezliklə reallaşaraq həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Tərəflər, həmçinin sazişin ratifikasiyası üçün zəruri olan ölkədaxili prosedurların sürətləndirilməsi barədə də razılığa gəliblər.

Elmi mənbələrə görə, Xəzər dənizində nərə balıq növləri ehtiyatlarının azalması davam edir. Bu isə öz növbəsində, bu balıq növlərinin mühafizəsi və süni bərpasına yönələn tədbirlərin gücləndirilməsini zəruri edir.

Son xəbərlər

Orphus sistemi