Bakı. 8 fevral. REPORT.AZ/ Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarının müavini Helqa Şmidtin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edib.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, ikigünlük səfər Avropa İttifaqı - İran əlaqələri ilə bağlı danışıqların birinci mərhələsinə həsr edilib.
Məlumata görə, İran xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini Məcid Təxt-Rəvançı və Helqa Şmidt altı aydan bir keçirilməsi nəzərdə tutulan danışıqlara sədrlik edirlər.
Danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, siyasi, iqtisadi və mədəni mövzular, habelə regional və beynəlxalq məsələlərə dair müzakirələr aparılacaq.
Qeyd edək ki, yaxın zamanlarda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Brüsselə səfər edərək, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini ilə görüşəcək.