​Əli Həsənov: "Azərbaycandakı media və siyasi plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır"

​Əli Həsənov: "Azərbaycandakı media və siyasi plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır" "İndiyədək Azərbaycanda yazıya görə həbsə alınan və yaxud təqib olunan jurnalist yoxdur"
Media
12 Mart , 2015 20:41
​Əli Həsənov: Azərbaycandakı media və siyasi plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ziyalıların və KİV nümayəndələrinin iştirak etdikləri tədbir Dövlət himninin səslənməsi ilə başlanıb.

Mərasimdə xalqımızın minillik tarixi keçmişindən bu günümüzə qədər davam edən Novruz bayramının müqəddəs dəyərlərindən və bayram münasibətilə təşkil olunmuş müsabiqənin əhəmiyyətindən söz açılıb.

Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın fəaliyyəti yüksək qiymətləndirilib, agentliyin 95 illik yubileyi ölkənin media həyatının mühüm hadisəsi kimi dəyərləndirilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə AZƏRTAC-ın bir qrup əməkdaşı əlamətdar gün münasibətilə fəxri adlara layiq görülüb.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək deyib ki, fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi və qaliblərin təntənəli mərasimlərdə mükafatlandırılması artıq ənənə halını alıb. Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha təkmilləşdirilmiş formada davam edir. Bu sahədə qəbul edilən konsepsiyaya uyğun olaraq KİVDF hər il jurnalistlərin bu və ya digər problemlərini öz üzərinə götürərək onların sosial rifah halını daha da yaxşılaşdırmağa çalışır. Fondun təşkil etdiyi tədbirlər vasitəsilə ildə bir neçə dəfə jurnalistlərlə görüşlər keçirilir. İctimai müzakirələr məhz qanunların müzakirəsinə mətbuat, siyasi partiya və ictimai təşkilatların nümayəndələrini dəvət etməklə, icra orqanları yanında ictimai qurumlar yaratmaqla və belə tədbirlər təşkil etməklə mümkün olur.

Əli Həsənov deyib ki, "Azərbaycanda azad söz və media mühiti mövcuddur: "Ölkədə azad mətbuat, azad internet var. Hər bir jurnalist istədiyi informasiyanı sərbəst toplaya, heç bir senzuraya məruz qalmadan cəmiyyətə yaya və topladığı məlumat və materialları ictimai müzakirəyə çıxara bilir. İndiyədək Azərbaycanda yazıya görə həbsə alınan və yaxud təqib olunan jurnalist yoxdur. Amma təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr və təşkilatlar Azərbaycana birbaşa təsir göstərə bilməyəndə, onu istədikləri istiqamətə yönəldə bilməyəndə bu bəhanələrlə, o cümlədən guya azad media mühitinin olmaması, qeyri-hökumət təşkilatlarının təqibi və s. adlarla Azərbaycan dövlətinin ünvanına ayrı-ayrı mətbuat orqanlarında, ayrı-ayrı dairələrdə bu tipli tezislərlə çıxış edirlər. Amma bu zaldakı Azərbaycan jurnalistikasının çox dəyərli nümayəndələri hamıdan yaxşı bilirlər ki, bunların hamısı qərəzlidir, uydurmadır, subyektiv mülahizələrin təzahürüdür və Azərbaycandakı mövcud media və siyasi plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır. Əksinə, biz nəinki postsovet məkanının, eyni zamanda, dünyanın ən qabaqcıl, Qərbi Avropa ölkələrinin media mühiti ilə yarışmaq, rəqabət aparmaq gücünə malikik. Ona görə də, Azərbaycan dövləti və ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş media siyasəti bu gün Azərbaycanı həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə təmsil edə biləcək azad medianın, azad jurnalistikanın inkişaf etmiş elektron və çap media nümunələrinin meydana çıxmasına şərait yaradıb”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb ki, Prezident İlham Əliyev media nümayəndələri ilə dəfələrlə görüşlər keçirib və bu görüşlərdə dövlətin mətbuat və informasiya siyasətini bəyan edib. Ölkə Prezidenti çıxışlarında dönə-dönə bildirib ki, biz media üçün bütün şəraiti yaratmışıq və yaratmaqda davam edəcəyik. Biz Azərbaycan dövlətini, hakimiyyətini, ictimai siyasi həyatını azad mediasız təsəvvür etmirik, azad media olmayan yerdə şəffaflıq da ola bilməz, şəffaflıq olmayan yerdə isə effektli dövlət idarəçiliyi ola bilməz. Prezidentin bu bəyanatları bizim media siyasətimizin təməlində dayanır. Dövlətimizin başçısı dəfələrlə onu da bildirib ki, hər kəs bu gün dövlət idarəçiliyində təmsil olunan istənilən məmur haqqında yaza bilər, istənilən məmurun fəaliyyətini təhlil edə, dövlət qurumlarının bütün strukturlarını ictimai müzakirəyə çıxara bilər. Lakin tələbimiz ondan ibarətdir ki, bu təhlillər və məlumatlar, informasiya fəaliyyəti şəffaf, ədalətli və obyektiv olsun.

“Hər bir jurnalist bu xalqın nümayəndəsi və təmsilçisidir. Bu mənada Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan jurnalistikasından vətənpərvərlik nümunələri gözləyirik. Beynəlxalq aləmdə azərbaycançılığın bütün dəyərlərini siz təqdim və təbliğ etməyəndə, o zaman bunu kim edə bilər? Əlbəttə, Azərbaycan jurnalisti nə qədər çalışsa da, fransız cəmiyyətini və dövlətini, fransız xalqının milli-mənəvi dəyərlərini fransız jurnalisti kimi təqdim edə bilməz. O cümlədən fransız jurnalisti də Azərbaycan dəyərlərini, Azərbaycan xalqının nümunələrini dünyaya azərbaycanlı jurnalist qədər çatdıra bilməz. Bu mənada Azərbaycan jurnalistikasından, jurnalistlərimizdən müəyyən umacaqlarımız var. Bu, dediyim kimi, ilk növbədə vətənpərvərlik, obyektivik, qərəzsizlik və bütün məsələlərdə dövlətin, millətin maraqlarını nəzərə alınmasıdır” – deyə Əli Həsənov bildirib.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən Əli Həsənov onlara xoş arzularını çatdırıb.

Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə agentliyin Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş əməkdaşlarına mükafatları təqdim edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Məlumat verib ki, müsabiqəyə 54 kütləvi informasiya vasitəsindən 120 yazı təqdim edilib. Bu yazılar ekspertlər tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 84 jurnalist qalib elan olunub.

Sonda qaliblər mükafatlandırılıb.

Tədbir Novruz bayramına həsr olunan musiqi proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi