Bakı. 23 yanvar. REPORT.AZ/ Mərakeşin paytaxtı Rabatda Azərbaycan dili, mədəniyyəti kursu açılıb. "Report" "Cihan" Agentliyinə istinadən xəbər verir ki, kurs V Məhəmməd adına Universitetin Ədəbiyyat və Humanitar fakültəsinin nəzdində fəaliyyət göstərəcək.
Açılış tədbirində Azərbaycan və Türkiyənin Mərakeşdəki səfirliklərinin məsulları, Mərakeş Xarici İşlər Nazirliyinin Asiya Departamentinin rəsmisi, universitet rektorunun müavini və başqaları iştirak edib.
Tədbirdə Bakı Dövlət Universitetinin müəllimi, doktor Təranə Əkbərova çıxış edərək, ərəb dövlətlərində belə bir kursun ilk dəfə açıldığını söyləyib. O, bu bölmənin açılmasının Azərbaycanın tanıdılmasına yardım edəcəyini vurğulayıb. Təranə Əkbərova deyib ki, ilkin mərhələdə dərslər magistratura və doktorantura tələbələrinə keçiriləcək.