​Qazaxıstanda dolların məzənnəsi yeni tarixi maksimuma yüksəlib

​Qazaxıstanda dolların məzənnəsi yeni tarixi maksimuma yüksəlib Artıq mart ayında məzənnə 400 KZT/USD-yə çata bilər
Maliyyə
8 Yanvar , 2016 11:30
​Qazaxıstanda dolların məzənnəsi yeni tarixi maksimuma yüksəlib

Bakı. 8 yanvar. REPORT.AZ/ Qazaxıstanda ABŞ dollarının milli valyuta- tengeyə qarşı məzənnəsi bu gün 351,8 KZT/USD-yə yüksələrək tarixi maksimal həddə çatıb. "Report"un verdiyi xəbərə görə, bununla da Qazaxıstan Fond Birjasında (KASE) məzənnə psixoloji hədd sayılan 350 tengeni keçib.

Tengenin bundan əvvəlki tarixi minimal səviyyəsi 2015-ci ilin dekabrın 21-də qeydə alınıb və 349,1 KZT/USD təşkil edib. Qeyd edək ki, Qazaxıstan 2015-ci il avqustun 20-də "üzən məzənnə" rejiminə keçib və elə həmin gün rəsmi məzənnə 35% yüksələrək 188 KZT/USD-dən 255 KZT/USD-yə çatıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev noyabrın əvvəlində Qazaxıstan Mərkəzi Bankının sədrini tengeyə inamın itməsi səbəbi ilə istefaya göndərib, bundan bir neçə gün sonra tenge bir qədər də devalvasiya olaraq 300 KZT/USD həddini aşıb. 

Qazaxıstan Mərkəzi Bankı yanvarın 5-dən yeni texniki normativlər tətbiq etməyə başlayıb. Bu normativlərə əsasən, gün ərzində Almatı saatı ilə 15:30-a formalaşan orta məzənnə sabahkı günün rəsmi məzənnəsi kimi qəbul edilir. Ekspertlər məzənnənin artıq mart ayına qədər 400 KZT/USD həddinə çatacağını düşünürlər.

Qeyd edək ki, Azərbaycanda da hazırda bənzər sistemlə sabahkı günün AZN/USD məzənnəsi formalaşır. AMB-nin keçirdiyi hərraclarda "ən yaxşı qiymət"ə satılan valyutanın satış məzənnəsi sabahkı günün rəsmi məzənnəsi kimi açıqlanır.  

Son xəbərlər

Orphus sistemi