Gələn il üçün Neft Fondunun investisiya portfelinin həcmi 51,3 mlrd. manat müəyyənləşdirilib - ƏLAVƏ OLUNUB

Gələn il üçün Neft Fondunun investisiya portfelinin həcmi 51,3 mlrd. manat müəyyənləşdirilib - ƏLAVƏ OLUNUB Neft Fondu maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək
Maliyyə
30 Dekabr , 2015 17:38
Gələn il üçün Neft Fondunun investisiya portfelinin həcmi 51,3 mlrd. manat müəyyənləşdirilib - ƏLAVƏ OLUNUB

İlk xəbər 17:08-də dərc olunub

Bakı. 30 dekabr. REPORT.AZ/ 2016-cı il üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 51,3 milyard manata bərabər götürülür.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli fərmanı ilə təsdiq edilmiş Fondun İnvestisiya siyasətində qeyd olunub.

İnvestisiya portfelinin məcmu dəyəri Neft Fondunun büdcəsində təsdiq edilmiş xərclərin aparılması üçün konvertasiya edilərək manat hesablarına köçürülmüş vəsait çıxıldıqdan sonra qalan xarici valyutada ifadə olunan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.

Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 35 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Qeyd olunub ki, 2016-cı ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcək.

***

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfeli – maksimum aşağı uzaqlaşma intervalı 5% olmaqla, investisiya portfelinin məcmu dəyərinin 70%-i, səhm (pay) portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 15%-i, daşınmaz əmlak portfeli - maksimum yuxarı uzaqlaşma intervalı 2% olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri, qızıl portfeli – maksimum yuxarı uzaqlaşma intervalı 3% olmaqla, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri ola bilər.

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (avro istisna olmaqla) üzrə dərc edilmiş 3 (üç) aylıq LIBOR faiz dərəcəsi götürülür.

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 3 (üç) aylıq EURİBOR faiz dərəcəsi götürülür. LİBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 3 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə edilə bilər. Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI Stock Market Indexes götürülür.

Risklərin idarə olunması üzrə tələblərə görə faiz dərəcəsi riski Fondun borc öhdəlikləri portfelinin faktiki ortaçəkili investisiya müddəti (durasiyası) dünya bazarlarındakı cari vəziyyətdən asılı olaraq Fond tərəfindən müəyyən edilir və 48 ayı üstələməməlidir.

Kredit riski Neft Fondunun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a uyğun olmalıdır. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15%-i həddində müəyyən edilir.

Likvidlik üzrə tələblərə görə, Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.

Xarici menecerlər üzrə tələblərə əsasən, xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır. Neft Fondunun RAMP proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına idarəetməyə verilən vəsaitlərinin həcmi 500 milyon ABŞ dollarından artıq olmamalıdır. Neft Fondunun vəsaitinin idarə edilməsinə cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Neft Fondu ilə bu menecerlər arasında bağlanan sazişdə əks etdirilməlidir.

Son xəbərlər

Orphus sistemi