​Deflyasiyaya qarşı mübarizə tədbirləri sərtləşdirilir

​Deflyasiyaya qarşı mübarizə tədbirləri sərtləşdirilir "Report": Azərbaycanda manatın məzənnəsinin korrektirovkasına ehtiyac var
Maliyyə
11 Noyabr , 2015 11:58
​Deflyasiyaya qarşı mübarizə tədbirləri sərtləşdirilir

Bakı. 11 noyabr. REPORT.AZ/ Çin başda olmaqla, dünyanın bir çox ölkəsi xammal qiymətlərinin kəskin düşməsi və likvidliyin azalması nəticəsində yaranan deflyasiya prosesinin durdurulması və ya yumşaldılması üçün qəti tədbirlər planı irəli sürməyə hazırlaşır. "Report" xəbər verir ki, oktyabr ayında Çində istehlak qiymətləri indeksi keçən ilin analoji dövrü ilə müqayisədə 1,3% artıb. İqtisadçıların isə median (orta qiymət) proqnozu oktyabr üçün 1,5% olub. Qeyd edək ki, sentyabrda istehlak qiymətləri 1,6% artım göstərib. Çində istehsalçı qiymətləri indeksi isə oktyabrda illik müqayisədə 5,9% azalıb. İstehsalçı qiymətlərindəki azalma artıq 44 ay davam edir.

Davam edən deflyasiya riskləri Çin hökumətini əlavə dəstək proqramı həyata keçirməyə vadar edir. Son bir ildə 6 dəfə uçot dərəcəsini endirən Çin Mərkəzi Bankı borclarını artırmayaraq iqtisadiyyatı canlandırmaq üçün yollar axtarır. Qeyd edək ki, Çində uçot dərəcəsi hazırda 4,35%-ə bərabərdir. Son endirim oktyabrın 23-də(0,25%) olub.

Bu ilin əvvəlində anti-deflyasiya tədbirləri çərçivəsində Avropa Mərkəzi Bankı(AMB), 2016-cı ilin sentyabr ayına qədər ümumi həcmi 1,1 trln. avro(1,2 trln. dollar) olan monetar ekspansiyaya start verib. Amma, bu məbləğin deflyasiya ilə mübarizədə təsirsiz olduğunu görən AMB, dekabrda monetar ekspansiyanın həcmini artırmağa hazırlaşır. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, AMB üzvəri deflyasiya tədbirləri çərçivəsində marjinal borc faizini, yəni "Eurosystem" vasitəsilə banklara qısamüddətli(gecəlik) borc faizini 0,1% azaltmaq barədə düşünür. Hazırda marjinal borc faizi 0,3%-ə bərabərdir. Maraqlıdır ki, hazırda Avrozonada bankların depozit faizləri banklararası "Eurosystem"də - 0,2%-dir.

Eyni vəziyyət ABŞ-da müşahidə olunur. Sentyabrda istehlak qiymətləri indeksi əvvəlki il ilə müqayisədə dəyişməyib. Məhz bu səbəbdən Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırmağa tələsmir. İşsizlik göstəriciləri və ÜDM artımında müsbət tendensiyaya baxmayaraq, inflyasiya xammal qiymətlərinin kəskin azalması səbəbindən artmır.

"Report"un analitik qrupu hesab edir ki, xammal qiymətləri müəyyən intervalda sabitləşəndən sonra 6-12 ay müddətində dünya iqtisadiyyatı da sabitləşəcək və deflyasiya təhlükəsi aradan qalxacaq. Hazırda isə qlobal iqtisadi böhran fonunda bunun qarşısını almaq imkansız görünür.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı da aprel-avqust aylarında deflyasiya ilə üzləşib. Sentyabr ayında 0,3%-lik, oktyabrda isə 0,1%-lik cüzi qiymət artımı müşahidə olunub. Manatın məzənnəsi bugünkü səviyyədə qalarsa, Azərbaycanda deflyasiyanın davam etməsi gözlənilir. Bunun qarşısını almaq üçün monetar ekspansiya və ya manatın devalvasiyası həyata keçirilməlidir. Monetar ekspansiya iqtisadi yavaşlama fonunda çətin olduğundan, manatın məzənnəsinin korrektirovkası daha məqsədəuyğun görünür.

Son xəbərlər

Orphus sistemi