Çinin maliyyə problemləri yeni qlobal böhrana səbəb ola bilər

Çinin maliyyə problemləri yeni qlobal böhrana səbəb ola bilər "Goldman Sachs": 2019-cu ilə borc ÜDM-in 400%-nə çatacaq və yeni böhrana səbəb olacaq
Maliyyə
9 Sentyabr , 2016 13:53
Çinin maliyyə problemləri yeni qlobal böhrana səbəb ola bilər

Bakı. 9 sentyabr. REPORT.AZ/ Çinin məcmu borcu son 10 ildə hər il orta hesabla ÜDM-in 30-40%-i qədər artaraq hazırda ÜDM-in 300%-nə çatıb. "Report"un "Goldman Sachs"a istinadən verdiyi xəbərə görə, təkcə 2015-ci ildə Çinin 25 trln. yuan və ya 3,7 trln. ABŞ dolları həcmində yeni borcu yaranıb ki, bu da ÜDM-in 36%-nə bərabərdir. Xatırladaq ki, uzun müddət ərzində Çinin borcu deyildikdə analitiklər Sosial Maliyyələşdirmə Göstəricisinə (TSF, Total Social Financing) diqqət yetiriblər ki, bu da Çin hökuməti tərəfindən mümkün qədər azaldılmış məbləğ olub. Məhz TSF-ə görə keçən il Çində yeni kreditlərin həcmi real kreditləşmə həcmindən 9% az, yəni ÜDM-in 25%-i qədər artıb.

Ümumiyyətlə, Çin ölkənin kredit borcunun real həcmini gizlədib və təxminən 35% aşağı göstərib. Səbəb isə sadədir: Çin istəmir ki, dünya və ölkə əhalisi onun kreditlərdən nə qədər asılı olduğunu bilsin. Əlbəttə, bu kreditlər tam təmin edilib, amma Çinin aktivlərinin keyfiyyəti getdikcə pisləşir. Bankın analitikləri bildirirlər ki, Çin həqiqi maliyyə göstəricilərini açıqlasa, o zaman ölkədən kapital axını sürətlənəcək, bu da bank sisteminə və milli valyuta - yuana ciddi zərbə vuracaq ki, nəticədə, yeni qlobal böhran dalğası yaranacaq.

"Goldman Sachs" Çinin real kredit həcmini hesablayıb və bu nəticəyə gəlib ki, 2016-cı ilin ilk yarısında yeni kredit axını ÜDM-in 35%-nə bərabər olub. Bank qeyd edib ki, 2015-ci ildə bu göstərici 38% təşkil edib. Kreditlərin yaranmasının azalması amili müsbət hal kimi qiymətləndirilib və TSF ilə fərqin azaldığını göstərib. Bu, həmçinin, hökumətin "kölgə" kreditləşməsi ilə mübarizəni artırdığını göstərir. Banka görə, Çin 6,5% iqtisadi artım proqnozuna nail olmaq məqsədi ilə investisiya qoyuluşunun cari səviyyəsini təmin etməli, bunun üçün isə kreditləşmənin intensivliyini qoruyub saxlamalıdır. Başqa sözlə, Çin Xalq Bankı kreditlərin artım sürətini azaltmaq niyyətində deyil. Bu isə, "Goldman Sachs"a görə, 2019-cu ilə kimi ölkə borcunun ÜDM-ə nisbətinin 400%-ə yüksələcəyi ehtimallarını artırır. Analitiklər Çin Xalq Bankı və Çin hökumətinin hələ də effektiv manevrlər edərək ölkənin həqiqi borcunu gizlədə bildiyini vurğulayırlar. Lakin, bir müddət sonra Çindəki problemlərin yeni qlobal maliyyə böhranına səbəb olacağı ehtimalları getdikcə artır.

Son xəbərlər

Orphus sistemi