​Azərbaycanda xarici sərmayələr yanvarda kəskin artıb

​Azərbaycanda xarici sərmayələr yanvarda kəskin artıb İnvestisiya qoyuluşunda son bir ildə ilk dəfə olaraq xarici kapital yerli sərmayəni üstələyib
Maliyyə
20 Fevral , 2015 10:56
​Azərbaycanda xarici sərmayələr yanvarda kəskin artıb

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda xarici mənbələrdən əsas kapitala 423,3 mln. manat vəsait yönəldilib ki, bu da ölkə iqtisadiyyatına qoyulan məcmu investisiyaların 62%-nə bərabərdir. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkəyə xarici investisiya yatırımında 2014-cü ilin eyni dövrü ilə müqayisədə kəskin, 95,6% artım müşahidə edilib.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 368,5 mln. manatı (87,0%-i) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran və Rusiya sərmayədarlarına məxsus olub. Xarici investisiyaların həcmindəki xüsusi çəkisinə görə Böyük Britaniya 34,5% və ya 146,2 mln. manatla birinci, Norveç 19,4% və ya 82,1 mln. manatla ikinci, Türkiyə 7,9% və ya 33,2 mln. manatla üçüncü yerdə qərarlaşıb. Fransa, İran və Rusiyanın xüsusi çəkisi eyni səviyyədə 6,7 % və ya 28,4 mln. manat həcmində olub. Daha sonra onluqda ABŞ (5,1%), Yaponiya (4,1%) və Hindistan (0,7%) yer alıb.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 682,7 mln. manat yönəldilib, onun 73,6%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəllki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,9%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 16,8% artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 585,6 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 97,1 mln. manat yönəldilib, ümumi sərmayənin 35,1%-i dövlət, 64,9%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 38,0%-ni təşkil edib, onun 79,1%-i dövlət bölməsinin payına düşüb.

Son xəbərlər

Orphus sistemi