Bakı. 25 noyabr. REPORT.AZ/ Bu ilin mart ayından yenidənqurma işləri aparılan Bakı Sərnişin Vağzalında əsaslı təmirin 2016-cı ilin birinci yarısında yekunlaşması gözlənilir. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumatda bildirilir. Belə ki, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri həyata keçirilir. Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənəcək. Sərnişinlər Wi-Fi şəbəkəsindən də istifadə edə biləcəklər.
Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir.
Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı Sərnişin Vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının Mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib. 1977-ci ildə Bakı Sərnişin Stansiyasında 10 min sərnişinlik yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan vağzal Cənubi Qafqazda ən iri analoji obyekt olub.