Xalq artisti Rafael Dadaşov mükafatlandırılıb

Xalq artisti Rafael Dadaşov mükafatlandırılıb Bu ay Milli Dram Teatrında aktyorun 70 illiyi qeyd ediləcək
İncəsənət
3 Fevral , 2016 14:56
Xalq artisti Rafael Dadaşov mükafatlandırılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovu mükafatlandırıb.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, R.Dadaşov 70 illik yubileyi münasibətilə və teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə təltif edilib. 

Nazirlikdən bildirilib ki, bu ay Milli Dram Teatrında aktyorun 70 illiyi qeyd ediləcək. Yubiley münasibətilə R. Dadaşovun iştirakı ilə N.Qoqolun “Müfəttiş” əsərinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş olunacaq.

Qeyd edək ki, görkəmli aktyor, Prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov ömrünün 40 ildən artıq dövrünü sənətə həsr edib. O, 1946-cı il yanvarın 4-də anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın səhnəsində Klavdi "Hamlet" (Uilyam Şekspir), Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Knyaz Xasay "Xurşudbanu Natəvan" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Tesey "Fedra" (Jan Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə) və s. onlarla başqa tamaşada maraqlı obrazlar yaradıb.

Aktyorun televiziya tamaşalarında (Anar - "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoni - "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanov - "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Hüseyn Cavid - "Topal Teymur" (Orxan), İslam Səfərli - "Göz həkimi" (Rauf) və s .), filmlərdə ("Bəxt üzüyü", "Mənim ağ şəhərim", “Dantenin yubileyi” və s.) oynadığı rollar da geniş tamaşaçı rəğbəti qazanıb.

Rafael Dadaşov 1987-ci ildə respublikanın əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi