Azərbaycanın Milli Qəhrəmanı haqqında film çəkilir

Azərbaycanın Milli Qəhrəmanı haqqında film çəkilir Sənədli film Təbriz Xəlilbəylinin həyatından bəhs edir
İncəsənət
6 Aprel , 2015 14:28
Azərbaycanın Milli Qəhrəmanı haqqında film çəkilir

Bakı. 6 aprel. REPORT.AZ/ Xalq şairi Xəlil Rza Ulutürkün oğlu, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli haqqında sənədli filmin çəkilişlərinə başlanıb.

"Report" xəbər verir ki, film ADMİU-nun sifarişi ilə çəkilir.

Milli Qəhrəman haqqında sənədli filmi rejissor Ruslan Mollayev ekranlaşdırır. Filmdə xronoloji ardıcıllıqla Təbriz Xəlilbəylinin doğulduğu ailə, böyüdüyü mühit, tələbəlik illəri, 90-cı illərin abu-havası canlandırılır.

Sənədli filmdə Təbriz Xəlilbəylinin ailə üzvləri, anası Firəngiz Ulutürk, həyat yoldaşı Sevinc Xəlilbəyli, Təbrizin yaxın qohumu, aktyor Kamran Yunis və Təbriz Xəlilbəylini yaxından tanıyan adamlar onun haqqında xatirələrini danışıblar. 

Filmin mayın əvvəlində hazır olacağı müəyyən edilib. Çəkilişlər ADMİU-da aparılır. Qeyd edək ki, Milli Qəhrəman Təbriz Xəlilbəyli Mədəniyyət və İncəsənət Universitetinin məzunu olub. Sənədli filmin xronometrajı 35-45 dəqiqə həcmində olacaq.

Xatırladaq ki, Təbriz Xəlilbəyli 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. 1992-ci il yanvarın 31-də Naxçıvanik kəndində qəhrəmancasına həlak olub.

1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı adını alıb. 

Son xəbərlər

Orphus sistemi