Bakıda Regional İnternet İdarəçiliyi Forumu keçirilir - YENİLƏNİB-2

Bakıda Regional İnternet İdarəçiliyi Forumu keçirilir - YENİLƏNİB-2 Forum İKT innovasiyalarının regional inkişafı mövzusuna həsr olunub
İKT
3 Dekabr , 2015 12:58
Bakıda Regional İnternet İdarəçiliyi Forumu keçirilir - YENİLƏNİB-2

İlk xəbər saat 10:49-da verilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Bakıda “İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılması” mövzusunda III Regional İnternet İdarəçiliyi Forumu (RIIF) işə başlayıb. Forum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT-nin İqtisadi və Sosial Əlaqələr Departamenti, "ADA" Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

"Report"un verdiyi xəbərə görə, forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişaf və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlığını həyata keçirməklə yanaşı bu sahədə olan problemlərin müzakirəsi, maraqlı innovativ layihələri nümayiş etdirməkdir.

İki gün davam edəcək tədbirdə 250-300 nəfər Azərbaycan və digər ölkələrin hökumət, biznes nümayəndələri, diplomatik nümayəndələr, elm və vətəndaş cəmiyyəti sahələrinin mütəxəssisləri internetlə bağlı aktual problemləri müzakirə edəcəklər.

Tədbir çərçivəsində “Təhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik və unnnovasiya üçün kiber-təhlükəsizlik - regional kiber-təhlükəsizlik alyansları təşəbbüsləri", "İnformatika təhsili - 2019 ərəfəsində çağırışlar”, “Texnologiyanın gələcəyi 2016-2020 - Proqnozlar nələrdən xəbər verir”, “Ağıllı Cəmiyyət Strategiyası - Hökumətlər İKT-dən yeni cəmiyyətin yaradılmasında istifadə edir", "Sosial media və paylaşma iqtisadiyyatı” və “İqtisadi diversifikasiyanın İKT-nin innovasiyalar mühitinə təsiri” kimi mövzular müzakirə olunacaq.

Xatırladaq ki, RİİF 2012-ci ildə Bakılda təşkil edilmiş VII İnternet İdarəçilik Forumu ərəfəsində yaradılıb və hər il təşkil olunur. Tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin (UNDESA), BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyinin dəstəyi ilə keçirilir.

*** (11:21)

"ADA" Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev çıxışında forumun keçirilməsi üçün "ADA" Universitetini seçdikləri üçün təşkilatçılara təşəkkürünü bildirib: "Universitet olaraq İKT sahəsinin inkişaf etməsi üçün əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Gələn il Universitetin 10 illiyi qeyd olunacaq. Bildiyiniz kimi, universitet 2013-cü ilə qədər akademiya kimi fəaliyyət göstərib. Lakin Prezident məsləhət gördü ki, artıq seminarlar, beynəlxalq əlaqəli forumlarla kifayətlənməyək, fəaliyyətimizi genişləndirib Universitet adını alaq. Bu çox sevindirici haldır. Bu səbəbdən gələcək üçün universitetdə fizika, riyaziyyat və digər fənlər üzrə tədris planı hazırlayırıq. Bu fakültələrin bizim universitetdə də olması üçün işlər görülür".

***

BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Antonius Bruk çıxışında bildirib ki, UNDP Regional İnternet İdarəçiliyi Forumunu dəstəkləmək öhdəliyini üzərinə götürüb: "Bizim təşkilat 2015-ci ildə olduğu kimi, gələn ildə bu kimi tədbirləri dəstəkləməyə hazırdır. Çünki İKT-nin inkişafı hər bir ölkə üçün çox vacibdir. Bu səbəbdən də sözügedən sahədə maraqlı layihə və təklifləri dinləməklə yanaşı, birgə müzakirələr aparıb gələcəkdə həmin problemlərlə bağlı layihələr həyata keçirməyə hazırıq".

A.Bruk qeyd edib ki, Azərbaycanda internetdən istifadə edən kişilərin sayı qadınlardan çoxdur: "Biz Azərbaycana təklif etmişik ki, Cənub tərəfdaşlığını qəbul etsin. Bu, ölkə vətəndaşlarının internet imkanlarını daha da genişləndirəcək. Azərbaycanda hazırda 3 mln.internet istifadəçisi var. Bu isə İKT sahəsi inkişaf etmiş bir ölkə üçün çox aşağı rəqəmdir. Ölkədə internetdən istifadə edən kişilərin sayı qadınlardan daha çoxdur. Hətta Azərbaycanın bir çox bölgələrində qadınların internetdən istifadə edilməsi tamamilə məhdudlaşdırılıb. Gələcəkdə bu kimi problemləri aradan qaldırmaq üçün birgə layihələrin həyata keçirilməsinə hər zaman olduğu kimi hazırıq. Düşünürəm ki, inkişaf etmiş bir ölkədə hər bir insanın internetə çıxışı olmalıdır".

Son xəbərlər

Orphus sistemi