​Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına hərbi liseylərin nizamnamələri təsdiqlənib

​Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına hərbi liseylərin nizamnamələri təsdiqlənib Hər iki liseyin rəisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək
Hərbi
6 Avqust , 2015 09:35
​Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına hərbi liseylərin nizamnamələri təsdiqlənib

Bakı. 6 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”ni və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiqləyib. “Report”un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Sənədlərə əsasən, hər iki liseydə təhsil pulsuzdur. Bu liseylərdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Liseylərdə tədris dili dövlət dili – Azərbaycan dilidir.

Hər iki liseydə təhsil müddəti 3 ildir və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir. Liseylərdə siniflər (taqımlar) kursantların sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Lisey üzrə bir sinifdə şagird sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir. Liseydə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə (taqımlarda) kursantların sayı 30 nəfərdən çox olmamalıdır.

Liseylərin məzunlarının istənilən ali və ya orta ixtisas təhsili müəssisəsində təhsil almaq hüququ məhdudlaşdırıla bilməz.

Hər iki liseyə IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul edilirlər.

Kursantlar aşağıda göstərilən hallarda Liseydən xaric edilirlər:

valideynlərin və ya digər qanuni nümayəndələrin və kursantların öz arzusu ilə;

səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);

təhsildə müvəffəqiyyətsizliyinə görə;

bir təlim-tədris ilində dərslərin və ya toplanışların müddətinin ayrı-ayrılıqda 30 faizdən çoxunda hər hansı səbəbdən iştirak etmədiyinə görə;

intizamsızlığına görə;

qanunla hərbi qulluqçular üçün müəyyən edilmiş tələblərə uyğun olmadığına görə.

Liseydən hər hansı bir səbəbdən xaric edilən kursantların Liseyə qəbulu və bərpası qadağandır.

İntizamsızlığa görə liseydən xaric edilmiş kursantlar bir daha Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmurlar.

Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən oxumaq istəmədiyinə, səhhətinə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduğu halda, liseydən də eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların liseydə təhsil almaları məsələsinə Pedaqoji Şurada və ya Ali İntizam Şurasında baxılır.

Hər iki liseyin rəisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Son xəbərlər

Orphus sistemi