Taleh Bağırovun müavini barəsində həbs qətimkan tədbiri seçilib

Taleh Bağırovun müavini barəsində həbs qətimkan tədbiri seçilib Ona Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb
Hadisə
4 Dekabr , 2015 16:03
Taleh Bağırovun müavini barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 4 dekabr. REPORT.AZ/ “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilat sədrinin müavini, inzibati həbs cəzası almış Elçin Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə “Report”a E.Qasımovun vəkili Elnur Nəbiyev məlumat verib.

O bildirib ki, E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələrilə cinayət işi başlanılıb.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. E.Qasımovun müdafiəçiləri məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov noyabrın 5-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

Son xəbərlər

Orphus sistemi