​Şirin Cəfərliyə hökm oxunub

​Şirin Cəfərliyə hökm oxunub O, 4 il 6 ay şərti azadlıqdan məhrum edilib
Hadisə
12 Aprel , 2016 14:35
​Şirin Cəfərliyə hökm oxunub

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Yasamal Rayon Məhkəməsində məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməkdə təqsirləndirilən "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərlinin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Cəfərli 4 il 6 ay şərti azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək Ş.Cəfərlinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Ş.Cəfərli Cinayət Məcəlləsinin (CM) 306.2-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 3 il şərti azadlıqdan məhrum edilib. Ş.Cəfərli CM-nin 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. Ş.Cəfərli hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər 540 manat ödəyib. O, qalan məbləği ödəmədiyinə görə ötən il mart ayının 5-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Ş.Cəfərli barəsində CM-nin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. O bu ilin fevral ayında isə 500 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi