Həyat yoldaşını avtobusda qətlə yetirən şəxsin cəzası yüngülləşdirilib

Həyat yoldaşını avtobusda qətlə yetirən şəxsin cəzası yüngülləşdirilib Onun 2 il həbsxanada cəza çəkməsi müddəaları hökmdən xaric edilib
Hadisə
23 Dekabr , 2015 09:59
Həyat yoldaşını avtobusda qətlə yetirən şəxsin cəzası yüngülləşdirilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Məmmədov Namik Həzi oğlu barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm dəyişdirilib. N.Məmmədovun 2 il həbsxanada cəza çəkməsi müddəaları hökmdən xaric edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib. F.Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. N.Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə N.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi