"Tottenhem" "Qarabağ"la oyuna gənc futbolçularla gəlir

"Tottenhem" "Qarabağ"la oyuna gənc futbolçularla gəlir 21 futbolçudan ibarət heyətə klub akademiyasının 9 yetirməsi daxil edilib
Futbol
25 Noyabr , 2015 15:40
Tottenhem Qarabağla oyuna gənc futbolçularla gəlir

Bakı. 25 noyabr. REPORT.AZ/ İngiltərənin "Tottenhem" komandası noyabrın 26-da Bakıda "Qarabağ"la keçirəcəyi oyuna aparıcı futbolçularından bir neçəsini gətirməməyi qərara alıb. "Report"un "Tottenhem"in rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Maurisiu Pokettino 21 futbolçudan ibarət heyətə klub akademiyasının 9 yetirməsini cəlb edib.

Aparıcı oyunçulardan Mussa Dembele, Denni Rouz və Kayl Uolker Londonda saxlanılıblar. Nabil Bentaleb, Naser Şadli və Aleks Pritçard topuq, Erik Lamela isə qasıq nahiyəsindəki zədə ilə əlaqədar Bakıya gətirilmir. Gərgin dövr keçdiklərini bildirən Pokettino yaxşı vəziyyətdə rəqabət aparmaq üçün bütün heyətin hazır olmasını vacib sayıb. Baş məşqçi gənclərdən 17 yaşlı müdafiəçi Kameron Karter-Vikkers və 18 yaşlı hücumçu Şayon Harrisonu "Qarabağ"la qarşılaşmada sınamağı qərara alıb. Həmçinin, Coş Onoma, Harri Uinks və qapıçı Luk Makqri də nümayəndə heyətindədir.

Pokettinonun fikrincə, gənclərə böyüklərlə bərabər oynama və əsas komanda ilə birgə səfərə yollanma şansının verilməsi yaxşı haldır: "Onlar klubumuzun gələcəyidirlər. Bu addım vacibdir".

Qeyd edək ki, "Tottenhem"i noyabrın 29-da evdə "Çelsi" ilə İngiltərə Premyer Liqasının XIV tur matçı gözləyir. "Qarabağ"la qarşılaşma isə sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 22:00-da başlanacaq.        

Son xəbərlər

Orphus sistemi