Azərbaycan klublarının oyunlarını "Qarabağ" üçün düşərli hakimlər idarə edəcək

Azərbaycan klublarının oyunlarını "Qarabağ" üçün düşərli hakimlər idarə edəcək Draxta və Majeyka Ağdam komandasının xeyrinə qələbə qeydə alıb
Futbol
26 Sentyabr , 2016 13:48
Azərbaycan klublarının oyunlarını Qarabağ üçün düşərli hakimlər idarə edəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində Azərbaycan klublarının II tur matçlarına təyinat alan hər iki referi müxtəlif vaxtlarda "Qarabağ"ın oyunlarını idarə edib. 

"Report"un məlumatına görə, İtaliya "Fiorentina"sı ilə oyunda iş başında olacaq astriyalı Oliver Draxta ötən il qrup mərhələsində "Qarabağ" - "Anderlext" (Belçika) oyununda iş başında olub. Ötən il oktyabrın 1-də keçirilmiş həmin görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Avstriyalı referi Avropa Liqasının 2010/2011 mövsümünün II təsnifat mərhələsində "Qarabağ"ın "Portadaun" (Şimali İrlandiya) ilə səfər matçını da idarə edib. Həmin görüşdə də Ağdam komandası qələbə qazanıb - 2:1. 

"Qarabağ"ın oyunlarında rəqib futbolçular sarı vərəqə alıbsa, 2010-cu il iyunun 2-də Azərbaycan və Honduras yığmaları arasında baş tutmuş yoldaşlıq görüşünün 73-cü dəqiqəsində Draxta kobud hərəkətə görə Saşa Yunisoğluya birbaşa qırmızı vərəqə göstərib. Bu görüşdə qalib müəyyənləşməyib - 0:0.

Almaniya "Maynts"ı və "Qəbələ" komandaları arasında Bakıda keçiriləcək görüşü idarə edəcək litvalı Gediminas Majeyka da azərbaycanlı futbolsevərlər üçün yad sima deyil. O, Avropa Liqasında ötən mövsümün "pley-off" mərhələsində Bakıda baş tutmuş "Qarabağ" - "Yanq Boyz" (İsveç) matçının baş hakimi olub. Bu görüşdə Qurban Qurbanovun rəhbərlik etdiyi komanda rəqib qapısından 3 cavabsız top keçirib.

38 yaşlı referi AVRO-2009-un seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət Albaniya və Azərbaycan yığmalarının oyununda ədalət təmsilçisi olub. 8 il öncə sentyabrın 9-da keçirilmiş oyunda qalib müəyyənləşməyib. Majeyka 2007-ci il yanvarın 21-də Qırğızıstan "Dordoy"u ilə "Bakı" arasında baş tutmuş oyunda da baş hakim funksiyasını yerinə yetirib. Qrup mərhələsindəki oyunda paytaxtın eyniadlı komandası 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ"ın səfər, "Qəbələ"nin isə ev oyunları sentyabrın 29-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi