SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib

SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib Son 10 ildə 3 minə yaxın neftçi ailəsi növbə əsasında mənzillə təmin olunub
Energetika
16 Sentyabr , 2016 16:59
SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib

Bakı.16 sentyabr.REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllədə inşa olunmuş yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak ediblər.

"Report"un xəbərinə görə, SOCAR prezidentinə məlumat verilib ki, 9 mərtəbəli binanın tikintisinə 2014-cü ilin sentyabr ayında başlanılıb. Bina 4 blokdan, 144 mənzildən, o cümlədən 16 mansarddan ibarətdir. İkiotaqlı və üçotaqlı mənzillərdən ibarət binanın ümumi sahəsi 17 637 kv. metr, yaşayış sahəsi isə 12 726 kv. metrdir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətində istirahət guşəsi yaradılıb, ətraf abadlaşdırılıb. 

Sakinlər qarşısında çıxış edən SOCAR prezidenti R.Abdullayev əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən tərəqqi strategiyasının Azərbaycana möhtəşəm qələbələr bəxş etdiyini söyləyib, qarşıdan gələn “Neftçilər günü” münasibəti ilə çoxminli neftçilər ordusunu, bütünlüklə Azərbaycan xalqını təbrik edib. O, SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində olduğunu bildirib, bu sahədə mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb. Neftçilərin mənzil problemlərinin həlli istiqamətində görülən işlərdən danışan R.Abdullayev qeyd edib ki, SOCAR bu gün respublikada öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkətdir. Son 10 ildə 3 minə yaxın neftçi ailəsi növbə əsasında mənzillə təmin olunub. Bu işi daha da təkmilləşdirmək məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Kooperativ fəaliyyəti dövründə 1826 neftçi ailəsinə mənzil verilməsini təmin edib. Hazırda SOCAR üzrə 3392 nəfər işçi mənzil uçotundadır ki, onların da 2950 nəfəri Bakıda, 442 nəfəri isə Azərbaycanın müxtəlif rayonlarında yaşayır. Bildirilib ki, SOCAR-da çalışan gənc mütəxəssislər, şirkətin təqaüd proqramlarının iştirakçıları da diqqətdə saxlanılır, ehtiyacı olduqda Kooperativə üzv qəbul edilir və mənzillə təmin olunurlar. Bu gün SOCAR-ın Təqaüd Proqramının 12 məzunu da mənzil alanlar sırasındadır. 

“Neftçi” mənzil-tikinti kooperativi yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Lökbatan qəsəbəsi 28 may küçəsində ümumilikdə 452 mənzildən ibarət 7 yaşayış binasının inşası davam etdirilir. Qaraçuxur qəsəbəsində 96 mənzilli, eyni zamanda “Azərikimya” İstehsalat Birliyinin əməkçiləri üçün Sumqayıt şəhəri A.Quliyev küçəsində 100 mənzilli və S.Vurğun küçəsində 172 mənzilli yeni yaşayış binalarının inşası nəzərdə tutulur. Bakının Buzovna qəsəbəsində 22 hektarlıq ərazidə SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi də veriləcək. Qarşıdakı illərdə Bibiheybət qəsəbəsində 820 mənzilli 13 yüksək mərtəbəli yaşayış kompleksi tikiləcək. Artıq kompleksin layihələndirmə işləri başa çatdırılıb. 

SOCAR prezidenti neftçilərin sosial şəraitinin yaşxılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. 

Daha sonra R. Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, onu müşaiyət edən şəxslərlə birlikdə mənzilləri gəzib, neftçilərin yaşayışı üçün yaradılmış şəraitlə tanış olub. Neftçilərə order və açarları təqdim edən SOCAR prezidenti onlara yeni mənzillərində firavan həyat arzulayıb.

Son xəbərlər

Orphus sistemi