"​SOCAR Georgia"nın baş direktoru: "Gərginlik" ancaq mətbuatda hiss olunur"

"​SOCAR Georgia"nın baş direktoru: "Gərginlik" ancaq mətbuatda hiss olunur" SOCAR-ın Gürcüstandakı fəaliyyətində heç bir gərginlik yoxdur
Energetika
12 Oktyabr , 2015 15:45
​SOCAR Georgianın baş direktoru: Gərginlik ancaq mətbuatda hiss olunur

Bakı. 12 oktyabr. REPORT.AZ/ "SOCAR-ın Gürcüstandakı fəaliyyətilə bağlı dırnaqarası gərginliyi yalnız mətbuat səhifələrində hiss edirik".

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə müəssisəsi "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov "Qazprom" şirkəti ilə Gürcüstan hökumətinin Rusiyadan təbii qaz həcminin artırılması ilə bağlı danışıqlarından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan bazarında fəaliyyətinə mənfi təsiri barədə yazılanları şərh edərkən bildirib.

O qeyd edib ki, SOCAR-ın Gürcüstandakı fəaliyyətində heç bir gərginlik yoxdur:

"Biz öz öhdəliklərimizi yerinə yetiririk. Gürcüstan hökuməti ilə SOCAR arasında 2025-ci ilədək sosial qazın təminatı barədə müqavilə var. Gürcüstan tərəfindən, yaxud bizim tərəfdən bu müqavilənin birtərəfli kəsilməyə başlaması üçün hər hansı məqama əsas yoxdur. Ümumiyyətlə, hər hansı müddəanın yenidən baxılmasına əsas yoxdur".

M.Məmmədov əlavə edib ki, Gürcüstan bazarında sosial qaz qiymətləri həddindən artıq aşağıdır: 

"Keçmiş sovet ölkələri arasında Türkmənistanı istisna etməklə, Gürcüstanda olan sosial qaz qiymətləri Rusiya və Azərbaycanla müqayisə oluna bilər. Qonşu ölkələrə nisbətən Gürcüstanda sosial qazın qiyməti nəzərəçarpacaq dərəcədə aşağıdır. Uzun illər Azərbaycan qazının mövcud qiymətlərlə Gürcüstanda satılması bizim qonşu Gürcüstanla birgə siyasətimiz əsasında həyata keçirilir".

Eyni zamanda, SOCAR-ın Gürcüstandakı törəmə müəssisəsinin baş direktoru xatırladıb ki, Azərbaycan Dövlət Neft Şirkəti birbaşa Gürcüstanın sosial və kommersiya bazarına 1 mlrd. 400 mln. kubmetr həcmində qaz nəql edir: 

"Gürcüstan bazarının ümumi qaz istehlakı isə 2 mlrd. 200 mln həcmindədir".

M.Məmmədov əlavə edib ki, Azərbaycan qazının Gürcüstan bazarında həcmi 90%-dən bir qədər artıqdır: 

"SOCAR-ın nəql etdiyi qazdan başqa, Gürcüstana həm də "Şahdəniz" yatağından Türkiyəyə nəql olunan qazın tranzitinə görə müəyyən həcm verilir. Həm də Rusiyanın Ermənistana qaz nəqlinə görə tranzit haqqı olaraq bu ölkəyə qaz verilir. Yəni hazırda Gürcüstan 3 mənbədən qaz alır: Birbaşa SOCAR-ın satdığı təbii qaz, "Şahdəniz" və Rusiya qazının tranziti". 

Qeyd edək ki, ötən həftə Gürcüstanın energetika naziri Kaxa Kaladze Gürcüstanın Rusiyadan daha çox qaz almaq niyyətində olduğunu və "Qazprom" şirkəti ilə danışıqlar apardığını qeyd edib. Bundan sonra isə kütləvi informasiya vasitələrində (KİV) "qaz savaşı"nın başlanması barədə yazılar yayımlanıb.

Gürcüstan müxalifəti tərəfindən K.Kaladzenin bu niyyəti etirazla qarşılanıb. Müxalifət bu məsələnin əsas strateji partnyor olan Azərbaycanla münasibətlərin korlanacağından ehtiyat etdiyini bəyan edib. Daha sonra isə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib ki, söhbət sırf kommersiya danışıqlarından gedir və istənilən halda Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsü olaraq qalacaq.

SOCAR-ın törəmə şirkəti olan "SOCAR Energy Georgia "MMC 2006-cı ildə qurulub. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. "SOCAR Energy Georgia" MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. 

Son xəbərlər

Orphus sistemi