"Report": Neft 42-45 dollar/barelə qədər bahalaşa bilər

"Report": Neft 42-45 dollar/barelə qədər bahalaşa bilər Daha sonra isə qiymətlər yenidən azalmağa başlayacaq
Energetika
7 Mart , 2016 13:44
Report: Neft 42-45 dollar/barelə qədər bahalaşa bilər

Bakı. 7 mart. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti ABŞ-da aktiv neft quyularının sayının azalması ilə yüksəlişə keçib. "Report" xəbər verir ki, ABŞ-ın "Baker Hughes" şirkətinin hər həftənin cümə günü ənənəvi olaraq açıqladığı aktiv neft-qaz quyuları hesabatına görə, neft quyularının sayı 8 ədəd və ya 2% daha enərək 392 təşkil edib. İl ərzində isə ABŞ-da aktiv buruqların sayı 1 194 ədəd və ya 71% azalaraq 489 ədədə enib. Qeyd edək ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 2010-cu ildən ən minimal həddə çatıb və 2009-cu ilin dekabr ayı səviyyəsinə qədər azalıb.

Hesabatın açıqlanması investorlarda ABŞ-da neft təklifinin getdikcə azalacağı gözləntisi yaradıb və nəticədə, "Brent" markalı neftin qiyməti cümə günü 3,6% artaraq 38,72 dollar/barel təşkil edib. ABŞ Xammal Derivativ Əməliyyatlar Komissiyasının (CFTC) hesabatına görə, hedc fondları neft qiymətlərinin 20 dollar/barelə azalmayacağını görüncə, öz qısa mövqelərini sürətlə bağlamağa başlayıb.

Lakin hesabatların neft bazarına müsbət təsirlərinə baxmayaraq, ABŞ-da artan neft ehtiyatları son 80 ilin maksimal həddinə çatıb. İnvestorlar isə daha öncə Rusiyada martın 20-nə planlaşdırılan OPEC və təşkilata üzv olmayan ölkələrinin sammitinin nəticələrini maraqla gözləyirlər. Qeyd edək ki, son məlumatlara əsasən, görüşün yeri Qətər və ya Avstriyaya dəyişdirilə bilər. Görüşün 20 mart-1 aprel tarixləri arasında olması gözlənilir.

Avstraliyanın "CMC Markets" şirkətinin baş iqtisadçısı Rik Spunerə (Ric Spooner) görə, ABŞ-da hasilatın azalması davam edərsə qiymət artımı kəskin xarakter ala bilər.

CFTC-nin məlumatına görə, 23 fevral - 1 mart tarixləri arasında WTI markalı neftdə spekulyatorlar qısa mövqelərini 25 639 ədəd və ya 15% azaldaraq 150 718-ə endirib. Qısa mövqelərin enməsi uzun mövqelərin 24 886 ədəd artmasına gətirib çıxarıb.

"Report"un analitik qrupu hesab edir ki, son 18 ayda baş verən 90 dollar/barellik sərt azalmanın ardından neft qiymətləri texniki düzəliş edir və 42-45 dollar/barelə qədər bahalaşması mümkündür: "Daha sonra isə qiymətlər yenidən azalmağa başlayacaq. Neft qiymətləri yaxın 3 ildə 20-50 dollar/barel aralığında dalğalanacaq. Qyimətlərin kəskin artması və uzun müddət yüksək səviyyədə qalması ABŞ şist neft hasilatçılarını yenidən aktivləşdirə bildiyindən, hazırda imkansız görünür".

Son xəbərlər

Orphus sistemi