Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti "Türk axını" layihəsinin həyata keçirilməsi üçün Türkiyə hökumət orqanlarından diplomatik kanallarla ilk icazəni alıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qaz kəməri layihəsi praktiki cəhətdən reallaşdırılmağa başlayır.
"İcazələrin verilməsi "Qazprom" üçün müsbət xəbərdir. Türkiyə tərəfinin bu addımı hökumətin "Türk axını" layihəsində maraqlı olduğunu göstərir", - "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.
Xatırladaq ki, ötən həftə Aleksey Miller və Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak arasında keçirilən danışıqların yekunlarına görə, layihənin reallaşmasına başlamaq üçün bütün zəruri hazırlıq prosedurlarının tezliklə başa çatdırılması haqqında razılıq əldə olunub.