Bakı. 19 avqust. REPORT.AZ / "Türk axını"nın Balkan ölkələri üçün davamı sayılan "Tesla" qaz boru kəməri layihəsi Cənub-Şərqi Avropa dövlətləri üçün prioritet deyil. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının təmsilçisi bildirib.
"Təbii qazın Cənub-Şərqi Avropaya təhlükəsiz ötürülməsinə gəldikdə isə bu məsələdə maraqlı dövlətlər iyulun ortalarında "mavi yanacağ"ın tədarükü sahəsində öz seçimlərini edib", - qurumun rəsmisi bildirib.
Onun sözlərinə görə, "Tesla" layihəsi də hazırda Avropa üçün prioritet layihə sayılmır.
Qeyd edək ki, bir müddət öncə Balkan dövlətləri, xüsusilə Serbiya, Makedoniya, Yunanıstan və Macarıstan "Türk axını" qaz kəmərinin Avstriyaydək çəkilməsində maraqlı olduqlarını bildirib. Bunun üçün həmin xəttin 1 400 km uzunluğunda "Tesla" adı verilmiş qolunun inşa edilməsi təklif edilir.