Azərbaycanda neftqazçıxarma obyektlərində online rejimində işləyən analiz texnologiyası yaradılacaq

Azərbaycanda neftqazçıxarma obyektlərində online rejimində işləyən analiz texnologiyası yaradılacaq "Onun verdiyi səmərə Azərbaycan elminə qoyulan xərci ödəyə bilər"
Elm və təhsil
11 Fevral , 2015 09:00
Azərbaycanda neftqazçıxarma obyektlərində online rejimində işləyən analiz texnologiyası yaradılacaq

Bakı. 11 fevral. REPORT.AZ/ “Azərbaycanda neftqazçıxarma obyektlərində online rejimdə işləyən analiz texnologiyası yaradılacaq. Bunu “Report”a İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, yüksək nəticələrin əldə edilməsi məqsədi ilə adekvat texnologiyaların yaradılması vacib məsələdir: "Bunun üçün çoxlu nəzəri işlərin həyata keçirilməsi tələb olunur. Bu məsələ qlobal problem olduğundan, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə, İdarəetmə Sistemləri İnstitutu və Geologiya İnstitutunun birgə tədqiqatlar aparması nəzərdə tutulub, bu sahədə tədqiqatlara başlanılıb və artıq müsbət nəticələr əldə olunur”. 

T.Əliyev bildirib ki, elə texnologiya yaratmaq lazımdır ki, o neft quyusunun vəziyyətini real şəkildə hiss etməyə imkan versin: “Onda biz onu daha yaxşı idarə edə bilərik. Hazırkı sistem yarım avtomatik rejimdə işləyir. Belə sistemdə texnoloq gündə bir dəfə dinamoqrammaya baxaraq, quyunun vəziyyəti haqqında məlumat ala bilir, online sistem yaratdıqdan sonra, quyuya nəzarət daha dəqiq aparılacaq və onun səmərəliliyi çox artacaqdır. Biz hazırda ayrı-ayrı quyuları idarə edən sistem yaratmışıq, məqsədimiz isə, bütünlükdə neft mədənini idarə edən sistem yaratmaqdır”.

Telman Əliyev bildirdi ki, AMEA-da neft mədənlərinin, xüsusi ilə gücdən düşmüş, çox istismar olunmuş quyuların rentabelliyinin artırılmasını təmin edən, bütövlükdə, neft mədənlərini idarəetməyə imkan verən idarəetmə sistemlərinin yaradılması İnstitutun qarşısına qoyduğu əsas məsələlərdən biridir: “Təbii ki, köhnə neft mədənlərində çıxan neftin maya dəyəri yuxarı olacaq. Maya dəyəri yuxarı olan nefti çıxartmaq isə sərf etmir. Daha effektiv və daha həssas işləyən, quyudakı informasiyanı daha dəqiq əldə etməyə imkan verən, yeni prinsiplər, alqoritmlərlər və texnologiyalar əsasında yeni verici yaratmaq üzərində işlər aparılır”.

İnstitutun direktoru xatırladıb ki, ötən illərdə neftçıxartma quyularının işinə nəzarət etmək üçün yeni nəsil intellektual "robast noise" monitorinq, nəzarət və diaqnostika sistemləri yaradılaraq, Bibiheybət Neftinin 25 quyusunda tətbiq edilib: “Hər bir quyuda elektrik enerjisinə 50 faizə qədər qənaət etməklə və təmir arası vaxtın xeyli artması hesabına, həmin obyektlərdə rentabelliliyi xeyli artırmaq mümkün olmuşdur. Sistemdəki intellektual quyu kontrolleri həm dinamometrik, həm də vattmetrik məlumatların dispetçer məntəqəsinə ötürülməsini təmin edir, yeraltı və yerüstü avadanlıqların texniki vəziyyətinin diaqnostikasını həyata keçirir. Təklif olunan sistem azdebitli neft quyularının adaptiv idarə olunmasına və optimal iş rejimlərinin təyin olunmasına imkan yaradır. Hasil edilən neftin maya dəyəri aşağı düşür, bu da iqtisadi səmərə deməkdir, Azərbaycanda 5-10 mindən çox neftçıxarma obyekti vardır, əgər bu obyektlərin hamısında yaratdığımız sistemi tətbiq etsək, onun verdiyi səmərə Azərbaycan elminə qoyulan xərci ödəyə bilər”.

T.Əliyev, həmçinin bildirdi ki, 2020-ci ilə qədər İdarəetmə Sistemləri İnstitutu müxtəlif strateji istiqamətlərdə aparılacaq işlərin genişləndirilməsi və gücləndirilməsi məsələsini məqsəd kimi qarşıya qoymuşdur.

Son xəbərlər

Orphus sistemi