​IELTS imtahanında 8.5 bal toplayan BANM-in tələbəsi: “Bu nailiyyətimdə BANM-in müəllimlərinin rolu əvəzsizdir” - MÜSAHİBƏ

​IELTS imtahanında 8.5 bal toplayan BANM-in tələbəsi: “Bu nailiyyətimdə BANM-in müəllimlərinin rolu əvəzsizdir” - MÜSAHİBƏ Buradakı təhsil mühiti bir tələbənin gələcəkdə yüksək ixtisaslı mütəxəssis olması üçün tələb olunan şərtlərdir
Elm və təhsil
12 İyul , 2016 13:01
​IELTS imtahanında 8.5 bal toplayan BANM-in tələbəsi: “Bu nailiyyətimdə BANM-in müəllimlərinin rolu əvəzsizdir” - MÜSAHİBƏ

Bakı. 12 iyul. REPORT.AZ/ Fidan Quliyeva 18 yanvar 1998-ci ildə Gəncə şəhərində anadan olub. O, 5 yaşınadək Gəncə şəhərində yaşayıb. 2003-cü ildə Fidan ailəsi ilə birgə Rusiya Federasiyasının Moskva şəhərinə köçüb. Moskvada yaşadığı 4 il ərzində şəhər məktəbinin birində orta təhsilini alıb. Sonra 2008-ci ildə o, yenidən Gəncəyə qayıdaraq orta təhsilini 32№ tam orta məktəbdə davam etdirib və 2015-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirib. Müxtəlif illərdə bir sıra olimpiadalarda uğurla iştirak edib: Moskvada riyaziyyat və rus dili fənn olimpiadalarında, Gəncədə isə biologiya fənn olimpiadasında şəhər üzrə birinci və region üzrə ikinci yerlərə çıxıb. Bundan başqa, Fidan uşaqlıqdan musiqi məktəbinə gedərək “Skripka” ixtisası üzrə təhsil alıb, həmçinin xorda ifa edib. 2015-ci ildə orta məktəbi fərqlənmə ilə bitirərək qəbul imtahanında 677 bal toplayıb və Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasına qəbul olunub. Fidan Quliyeva BANM-də oxuduğu bir il ərzində İKT və ingilis dili fənləri üzrə ən yüksək nəticələr göstərib. Bu yaxınlarda isə IELTS imtahanından uğurla keçərək 9 ballıq qiymətləndirmə şkalası üzrə 8.5 bal toplamağa nail olub və digər tələbələrdən fərqlənə bilib. "Report" BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən Fidan Quliyevanın müsahibəsini təqdim edir:

- IELTS imtahanında 9 ballıq qiymətləndirmə şkalası üzrə 8.5 bala müvafiq olmağı necə bacardın? Bu nəticəni əldə etmək üçün hansı öhdəlikləri üzərinə götürmüşdün?

- Əvvəla onu demək istərdim ki, imtahana hazırlıq ərəfəsində çalışırdım ki, bacardığım qədər söz və söz birləşmələri öyrənim, xüsusilə də onların akademik səviyyədə olması mənim üçün vacib idi. Hər gün "Listening" (Dinləmə) və "Reading" (Oxuma) bölmələri üzrə test tapşırıqlarını edərək bacarıqlarımı daima inkişaf edirdim. Həmçinin, çoxlu inşalar və esselər yazırdım. Bunu da qeyd etmək istərdim ki, IELTS imtahanında uğurlu nəticə əldə etmək üçün ən vacib şərtlərdən biri vaxtı düzgün bölüşdürməkdir, çünki verilən vaxt çox məhduddur. Ona görə də imtahanda mənə ən çox “taym-menecmentlik” bacarığım köməyimə gəldi. Bunlardan başqa, şəxsiyyət olaraq da mən çox məsuliyyətli və məqsədyönlü insanam. Bu xüsusiyyətlərim sayəsində həmişə hər şeyi ən yüksək səviyyədə etməyə çalışıram.

- BANM-in müəllimlərinin sənin nailiyyətində nə kimi rolu var?

- Şübhəsiz ki, onların rolu böyükdür. Ali Məktəbə daxil olmadan əvvəl IELTS haqqında çox az məlumatım var idi. Bu nailiyyətimdə BANM-in müəllimlərinin rolu əvəzsizdir, xüsusilə də Valida Rzaquliyevanın. Çünki onların zəhməti keçməsəydi, bu cür yüksək nəticəni əldə etmək mümkün olmazdı. Buna görə də mən onlara sonsuz minnətdaram. Validə müəllimənin isə çox unikal tədris metodikası var. O, istifadə etdiyi metodika ilə hər tələbənin dərslərdəki müvəffəqiyyət və çətinliklərini izləyib onları aşkara çıxarırdı. Bununla da həmişə zəif bildiyimiz mövzular üzrə bizə tövsiyələr verərək biliklərimizi təkmilləşdirirdi. Məsələn, Validə xanım yüksək nəticə almağımız üçün bizə yazdığımız inşalar və esselərdə üslubumuzu necə mükəmmələşdirməyin və ya "Speaking" bölməsinin suallarını daha yaxşı cavablandırmağın yollarını öyrədirdi. İmtahana hazırlıq üçün müxtəlif materiallar tapıb verirdi və sualları müvəffəqiyyətlə cavablandırmağımız üçün istifadə edə biləcəyimiz müxtəlif texnikaları izah edirdi. Bundan başqa, müəllimlərimizin çox tələbkar olması məni çox sevindirirdi. Təbii ki, tapşırıqlar çox olurdu və oxumaq heç də asan deyildi, lakin yekun nəticələr göstərdi ki, bu əziyyətimizə dəyər.

- IELTS imtahanından 8.5 ballıq nəticə əldə etdikdən sonra xaricdə təhsil almaq istəyərdinmi?

- Düzün desəm, mən bu barədə heç düşünməmişəm. Bugünkü gündə mənim BANM çox xoşuma gəlir. Buradakı təhsil mühiti, yüksək ixtisaslı akademik heyət və bütün yaradılan şərait hamısı bir tələbənin gələcəkdə yüksək ixtisaslı mütəxəssis olması üçün tələb olunan şərtlərdir.

- Nailiyyətin sənə hansı təəssüratları bağışlayıb?

- Açıq desəm, belə yüksək nəticə əldə edəcəyimi heç gözləmirdim. Öz balımı gördüyüm zaman çox heyrətləndim və düşündüm ki, burada hər hansı bir səhvlik var. Maksimum 8 bal toplayacağımı düşünürdüm. Lakin hesab edirəm ki, imtahan zamanı bütün diqqətimi sualların düzgün cavablandırılmasına yönəltdiyimə görə "Listening" və "Reading" bölmələri üzrə sualların əksəriyyətini düzgün cavablandıra bilmişəm. İnşa və esselərin yazıldığı, həmçinin müsahibə zamanı isə BANM-də öyrəndiyim akademik söz və söz birləşmələrinin istifadəsinə daha çox üstünlük vermişdim. Təbii ki, belə yüksək nəticəni əldə etdiyim üçün çox şadam və buna görə BANM-in rəhbərliyi və müəllimlərimə sonsuz təşəkkürümü bildirirəm. Çünki onların əməyi sayəsində mən ingilis dili üzrə biliklərimə böyük töhfə vermiş oldum. 

Son xəbərlər

Orphus sistemi