Bakı. 26 aprel. REPORT.AZ/ Bakı Fransız Liseyində gələcək Fransız-Azərbaycan Universitetinin yaradılmasını möhürləyən anlaşma memorandumu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarova təqdim olunub. "Report"un xəbərinə görə, sənədi nazirə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir təqdim edib.
Təqdimatdan əvvəl qonaqlar liseyin binası və təhsil müəssisəsinin şəraiti ilə yaxından tanış olublar.
Daha sonra jurnalistlərə açıqlama verən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanla Fransa arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir: "Təhsil sahəsi də uğurlu əməkdaşlıqlardan biridir. Təsadüfi deyil ki, bugünkü görüş də məhz Bakı Fransız Liseyində baş tutub. Görüşün məqsədi Fransız-Azərbaycan Universitetinin yaradılmasının həyata keçirilməsinin növbəti mərhələsini müzakirə etmək idi".
M.Cabbarov onu da qeyd edib ki, ali təhsil müəssisəsinin bu il sentyabr ayının 15-də fəaliyyətə başlaması nəzərdə tutulub: "Fəaliyyət bir ildən çoxdur həyata keçirilir. Bu gün bu layihənin növbəti mərhələsini əks etdirən sənəd mənə təqdim olunub".
Qeyd edək ki, Fransız-Azərbaycan Universiteti Strasburq Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında yaradılacaq.