Bakı. 3 dekabr. REPORT.AZ/ Ukrayna Ali Radası (Parlament) hökumətin yeni tərkibini təsdiq edib.
"Report" xəbər verir ki, daxili işlər naziri Arsen Avakov, müdafiə naziri Stepan Poltorak, xarici işlər naziri Pavel Klimkin, təhsil və elm naziri Sergey Kvit və ədliyyə naziri Pavel Petrenko öz vəzifələrində qalıblar.
Nazirlər Kabineti üzvləri arasında Ukrayna vətəndaşlığını alan əcnəbilər də var. Belə ki, maliyyə naziri vəzifəsi amerikalı Natalya Yareskoya nəsib olub. İqtisadi inkişaf naziri postunu isə litvalı Ayvaras Abromaviçus tutub. Həmçinin, səhiyyə naziri postu Aleksandr Kvitaşviliyə həvalə olunub.
Kabinetin tərkibinə ümumilikdə beş fraksiyanı təmsil edən 19 nazir daxil olub.
Hökumət baş nazir Arseniy Yaçenyukun rəhbərliyi altında fəaliyyət göstərəcək.