Türkdilli ölkələrin ortaq televiziyasının yayıma çıxacağı vaxt açıqlanıb

Türkdilli ölkələrin ortaq televiziyasının yayıma çıxacağı vaxt açıqlanıb Bu kanal təhsil, mədəniyyət və informasiya sahəsində fəaliyyət göstərəcək
Diaspor
20 Dekabr , 2014 14:23
Türkdilli ölkələrin ortaq televiziyasının yayıma çıxacağı vaxt açıqlanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Türk dünyası ölkələrinin birgə televiziyası 2016-cı ildə yayıma başlayacaq. Bu istiqamətdə artıq hazırlıq işləri gedir. Bunu "Report"a açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bildirib. 

Onun sözlərinə görə, televiziyanın yaradılması təşəbbüsü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin başçıları tərəfindən irəli sürülüb. "Şuranın 4-cü zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev türk dünyasını beynəlxalq səviyyədə təmsil edəcək kanalın yaradılması təşəbbüsü ilə çıxış edib və bu layihənin həyata keçirilməsi şuraya üzv olan digər dövlətlərin başçıları tərəfindən dəstəklənib. Bu kanal təhsil, mədəniyyət və informasiya sahəsində fəaliyyət göstərəcək".

R.Həsənov qeyd edib ki, ortaq televiziya kanalının həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrdə, həm də dünyada yayımı həyata keçiriləcək. "Bu kanalın yaradılması bir tərəfdən bizim dünyaya baxan üzümüz olsa da, digər tərəfdən türk dünyası ölkələrinin bir-birinə yaxınlaşmasını və dünya ictimaiyyəti qarşısında tükdilli dövlətlərin birliyini nümayiş etdirəcək. Bu isə bizim əsas məqsədimizdir. Artıq dünya dövlətləri bilməlidir ki, türkdilli ölkələrin möhkəm və sarsılmaz birliyi var", - R.Həsənov bildirib.

R.Həsənov onu da əlavə edib ki, türkdilli ölkələrin ortaq televiziya kanalının şuraya üzv ölkələrin informasiya agentlikləri ilə sıx əməkdaşlıq etməsi də planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi