Əli Həsənov: "Siyasi partiyaların sədrləri ilə görüşlər iki aydan bir keçiriləcək"

Əli Həsənov: "Siyasi partiyaların sədrləri ilə görüşlər iki aydan bir keçiriləcək" "Aktiv və siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər"
Daxili siyasət
12 Fevral , 2015 13:53
Əli Həsənov: Siyasi partiyaların sədrləri ilə görüşlər iki aydan bir keçiriləcək

Bakı. 12 fevral. REPORT.AZ/ "Siyasi partiyaların sədrləri ilə iki aydan bir bu formatda yığışıb Azərbaycan cəmiyyətini, Azərbaycanın hər bir vətəndaşını, hakimiyyətini, daxili və xarici institutları narahat edən, həmçinin onların aktual hesab etdikləri məsələləri əvvəlcədən razılaşdırılmış şəkildə müzakirəyə çıxarmağı qərara aldıq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda bir qrup müxalifət partiyalarının sədrləri ilə görüşün nəticəsini şərh edərkən deyib.

"Bugünkü görüşdə biz bütövlükdə siyasi partiyalarla görüşün formatını, reqlamentini, tematikasını, görüşlə bağlı digər təşkilati məsələləri siyasi partiyaların rəhbərləri ilə müzakirə etdik. Onlar da öz fikirlərini səsləndirdilər. Görüşdə müzakirə olundu ki, gələcəkdə bu formatda keçirilən görüşlərdə kimlər iştirak edə bilər. Siyasi partiyalar arasında ayrı-seçkilik qoya bilmərik. Aktiv və siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. Əvvəlki və bu görüşlərdən məlum olur ki, bu formatda keçirilən görüşlərdə 16-20 arası siyasi partiyalar iştirak edir. İştirak edən siyasi partiyalar aktiv fəaliyyəti olan partiyalardır. Görüşdə iştirak etməyən siyasi partiyalar da var. Onlara təklif edilib ki, görüşlərdə iştirak etsinlər. Lakin bəlli səbəblərdən iştirak edə bilməyiblər. Əgər onlar bundan sonrakı görüşə qatılmaq istəsələr qapılar onların da üzünə açıqdır. 

Burada geniş müzakirə olunan və ümumi razılığa gəlinən məsələlərdən biri ondan ibarət oldu ki, görüşlərdə çıxarılacaq tematikalar görüşdən əvvəl müəyyən olunsun, bütün siyasi partiyaların, ayrı-ayrı mətbuat orqanlarının, o cümlədən dövlət qurumlarının ictimai yüklü hesab etdiyi məsələlər siyahıya alınsın. Bu siyahıya salınan məsələlər bütün siyasi partiyalara göndərilsin, onların seçimi ilə mövzulardan biri növbəti görüşün müzakirəsinə çıxarılsın. Görüşdə Xocalı soyqırımından başlayaraq seçkilərə qədər bu cür çox mövzular səsləndirildi. Cəmiyyəti düşündürən və narahat edən məsələlər növbəti görüşlərdə müzakirəyə çıxarılacaq. Problemli məsələlərdən birini seçib məsləhətləşib müzakirəyə çıxaracağıq. Digər razılaşdırdığımız məsələ o oldu ki, burada keçirilən görüş müzakirə olunan məsələlər ətrafında yaranan fikir ayrılığı və yaxud fərqli-fərqli ideyaları sadəcə bu zalda saxlamayaq, onları həm cəmiyyətə çıxaraq, onların cəmiyyətdə müzakirəsini təmin edək. Mətbuat orqanlarından xahiş edirəm ki, görüşdə iştirak edən siyasi partiyaların rəhbərlərindən müsahibə alsınlar. Onların bu məsələlərlə bağlı fikrilərini cəmiyyətə çatdırsınlar. Azərbaycan hakimiyyəti olaraq Prezident İlham Əliyevin bu məsələdə mövqeyi ondan ibarətdir ki, ölkədə bütün institutlar, siyasi partiyalar, QHT-lər, mətbuat orqanları dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər, Azərbaycan şəffaf cəmiyyətə malik olsun".

Son xəbərlər

Orphus sistemi