​Azərbaycan Prezidenti Gəncədə məcburi köçkün ailələri üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

​Azərbaycan Prezidenti Gəncədə məcburi köçkün ailələri üçün salınan yeni qəsəbənin açılışında iştirak edib Dövlət başçısı Xocalı rayon Kosalar kənd tam orta məktəbində də olub
Daxili siyasət
14 Noyabr , 2014 20:41
​Azərbaycan Prezidenti Gəncədə məcburi köçkün ailələri üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısına yeni qəsəbə barədə məlumat verib.

Bundan sonra İ.Əliyev 50 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Dövlət başçısı həmçinin Xocalı rayon Kosalar kənd tam orta məktəbində də olub. Məktəbin 440 şagird yerlik binasının foyesində mərhum prezident Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün ailələri ilə görüşlərindən, onların problemlərinin həlli ilə bağlı görülən işlərdən bəhs edən fotostend yaradılıb. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. İdman zalı da bütün zəruri avadanlıqla təchiz olunub.

İ.Əliyev yeni qəsəbədəki mənzillərdə yaradılan şəraitlə də tanış olub. Burada 60 birotaqlı, 255 ikiotaqlı, 230 üçotaqlı və 55 dördotaqlı mənzil var.

Dövlət başçısı məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitdən razılığını bildirib.

Qeyd edək ki, qəsəbə Azərbaycan Prezidentin 2004-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci ildə imzaladığı sərəncamla təsdiq edilmiş əlavələrə əsasən inşa olunub. Qəsəbə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. 60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbədə Kəlbəcər rayonundan və Xocalıdan ölkənin müxtəlif ərazilərində, o cümlədən Gəncə şəhərində və Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayacaq. Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılıb. Burada yarımstansiyalar genişləndirilib, komplektləşdirilmiş transformator yarımstansiyaları quraşdırılıb, uzunluğu 30 kilometrdən çox olan su kəməri çəkilib, nasosxana binası inşa olunub. Qəsəbəyə uzunluğu təqribən 25 kilometr olan qaz xətti çəkilib və 6 qaztənzimləyici məntəqə yaradılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub.

Son xəbərlər

Orphus sistemi