Bakı. 14 may. REPORT.AZ/ Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mayın 15-də keçiriləcək iqtidar-müxalifət görüşünə qatılmayacaq.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında bildirib ki, iqtidarla müxalifət arasında keçiriləcək növbəti görüşdə iştirakla bağlı Azərbaycan Prezidenti Administrasiyasından göndərilən dəvəti müzakirə ediblər. Onun sözlərinə görə, müzakirələrin yekununda görüşə qatılmamaqla bağlı qərar qəbul edilib.
Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib. Görüşdə 17 siyasi partiyanın rəhbəri iştirak edib. Növbəti görüş mayın 15-də olacaq.