Qlobal çağırışlar və qeyri-sabit geosiyasi vəziyyət fonunda Bakı və Sofiya dialoqu dərinləşdirməyə davam edir, əməkdaşlıq üçün yeni perspektivlər açır. İkitərəfli münasibətlər dinamik şəkildə inkişaf edərək əsas strateji təşəbbüsləri əhatə edir ki, bunlardan biri də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizidir (SGC).
Son illərdə Azərbaycan və Bolqarıstan arasında tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Bu prosesə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycan qazının Bolqarıstana tədarükü də daxil olmaqla, birgə layihələrin uğurla həyata keçirilməsi mühüm töhfə verib. Hazırda Bolqarıstanın Qara dənizin dibi ilə çəkiləcək “yaşıl enerji” sualtı kabeli layihəsinə qoşulması gözlənilir. Bu, Azərbaycandan Avropaya elektrik enerjisi tədarükünü nəzərdə tutan strateji layihələrdən biridir.
XII Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev “Report”a müsahibəsində Azərbaycan-Bolqarıstan münasibətlərinin cari vəziyyətini dəyərləndirib, əməkdaşlığın əsas istiqamətlərini vurğulayıb və strateji tərəfdaşlığın möhkəmləndirilməsində yüksək səviyyəli müntəzəm səfərlərin əhəmiyyətini qeyd edib.
Həmin müsahibəni təqdim edirik:
- Cənab nazir, Azərbaycan və Bolqarıstan arasında siyasi əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac görürsünüzmü, yoxsa mövcud səviyyə artıq hər iki ölkənin strateji maraqlarına tam uyğundur?
- Bolqarıstan və Azərbaycan arasında tarixən möhkəm dostluq münasibətləri var. Keçən il biz strateji dialoqumuzu əhəmiyyətli dərəcədə gücləndirdik. Azərbaycan-Bolqarıstan əməkdaşlığı energetika, mədəniyyət və bir çox digər sahələrdə inkişaf edir. Bizim üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığın daha da inkişafı və dərinləşdirilməsi prioritet olaraq qalır. Bolqarıstan gələcəkdə də məhz bu istiqamətdə hərəkət etmək niyyətindədir.

- İkitərəfli əməkdaşlığımızın genişləndirilməsi üçün hansı sahələri daha perspektivli hesab edirsiniz? Azərbaycan və Bolqarıstan arasında münasibətlərin qurulmasında mədəni və ya turizm əlaqələri nə dərəcədə vacibdir?
- Sualınızın ikinci hissəsindən başlamaq istərdim. Mədəniyyət və turizm hər zaman ölkələrin yaxınlaşmasına xidmət edən ən yaxşı vasitələrdən biridir, çünki onlar əlaqələrin inkişafına, xalqlar arasında qarşılıqlı anlaşmanın, hörmət və dostluğun möhkəmlənməsinə kömək edir. Əminəm ki, Bolqarıstan və Azərbaycan arasında möhkəm tarixi əlaqələr var və bu, siyasi və iqtisadi münasibətlərimizin gələcək inkişafı üçün etibarlı təməl rolunu oynayır.
Əməkdaşlığın perspektivli sahələrinə gəldikdə isə, energetika və sənaye sahəsində qarşılıqlı maraqlarımızın olduğu məlumdur. Bundan irəli gələrək, qarşılıqlı maraq doğuran digər sahələrdə də ikitərəfli əlaqələri fəal şəkildə inkişaf etdirə bilərik.
Ölkələrimiz öz regionlarında əhəmiyyətli rol oynayır. Avropa və Asiya arasında geosiyasi cəhətdən mühüm kəsişmə nöqtəsində yerləşən Bolqarıstan əsas ticarət və nəqliyyat qovşağı, bir növ Avropaya və Avropa İttifaqına açılan qapıdır. Bütün bunlar əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır.
Eyni zamanda, hökumətlərimiz arasında yüksək səviyyəli siyasi dialoq və möhkəm əlaqələr ikitərəfli münasibətlərin uğurlu inkişafının etibarlı təminatıdır.
- Bolqarıstan Azərbaycan qazının tədarükünün artırılması üçün zəruri infrastrukturun genişləndirilməsi istiqamətində konkret olaraq hansı addımları atır? Yeni layihələr və ya mövcud güclərin modernləşdirilməsi ilə bağlı hər hansı planlar varmı?
- Sevindirici haldır ki, energetika və enerjinin şaxələndirilməsi sahəsində möhkəm əməkdaşlığımız var. Təkcə Bolqarıstan üçün deyil, həm də bütün Mərkəzi və Şərqi Avropa regionumuz üçün enerjinin şaxələndirilməsi və daha çox enerji mənbələrinin olması vacibdir. Bu, milli enerji təhlükəsizliyimiz üçün böyük əhəmiyyət kəsb edir.
Hazırda biz “yaşıl enerji dəhlizləri"nin yaradılması istiqamətində səylə çalışırıq. Bununla əlaqədar Bolqarıstan qeyd olunan istiqamətlə yanaşı, əlavə yerüstü obyektlərin tikintisinə də investisiya qoymaqda maraqlıdır. Yəni biz bu işi davam etdirəcəyik.

- Məlumdur ki, gələn ay, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçiriləcək. Bu görüşdə Bolqarıstan rəhbərliyindən kimin iştirakı planlaşdırılır? Bolqarıstanın əsas gözləntiləri nələrdir?
- Bildiyimə görə, həmkarım, Bolqarıstanın energetika naziri Jeço Stankov Bakıya gələcək. Əminəm ki, qarşıdakı müzakirələr və iclasların nəticələri maksimum dərəcədə məhsuldar olacaq.
Əvvəlki cavabımın davamı olaraq vurğulamaq istərdim ki, məqsədimiz təkcə energetika sahəsində əməkdaşlığı gücləndirmək deyil, həm də “yaşıl enerji dəhlizləri"ni və tezliklə həyata keçirilməyə başlayacaq yeni infrastruktur layihələrini fəal şəkildə inkişaf etdirməkdir. Sadəcə artıq əldə edilmiş qarşılıqlı fəaliyyət səviyyəsini qoruyub saxlamaq deyil, həm də onu dərinləşdirmək, davamlı və uzunmüddətli tərəfdaşlıq üçün yeni perspektivləri üzə çıxarmaq vacibdir.
- Sonda yüksək səviyyəli səfərlərlə bağlı məsələyə toxunmaq istərdim. Bu il Bolqarıstandan Azərbaycana belə bir səfərin həyata keçiriləcəyini gözləyə bilərikmi?
- Biz bir çox səfərlərin təşkili üzərində fəal işləyirik və ümid edirəm ki, onlar həm Bolqarıstandan Azərbaycana, həm də Azərbaycandan Bolqarıstana həyata keçiriləcək. Müxtəlif səviyyələrdə nə qədər çox səfər olarsa, münasibətlərimiz bir o qədər sabit və məhsuldar olar.
Bu səfərlər həm də uğurlu əməkdaşlığımızın, xalqlarımız və dövlət orqanlarımız arasında qarşılıqlı fəaliyyətin bariz göstəricisidir, müxtəlif dövlət strukturları arasında qarşılıqlı əlaqələri möhkəmləndirir və stimullaşdırır. Əminəm ki, bir çox əvvəlki illər kimi, bu il də ikitərəfli münasibətlər üçün uğurlu olacaq.