“Beynəlxalq təşkilatlar və dövlətlər Ermənistana ciddi təzyiq etməlidirlər”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “CNN Türk”ə müsahibəsində deyib.
“Azərbaycan tərəfi olaraq biz münaqişənin siyasi yolla həll olunmasının tərəfdarıyıq. Bu münaqişənin siyasi yolla həll olunmasının kifayət qədər hüquqi bazası var. Hələ 1993-cü ildən başlayaraq BMT-nin 4 qətnaməsi var. Həmin 4 qətnaməyə əsasən, Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrinin çıxarılması tələb olunur. Azərbaycanın məcburi köçkünlərinin həmin ərazilərə dönməsinin təmin edilməsi tələb olunur. Eyni zamanda Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin bərpa olunması tələbi irəli sürülüb. Eyni sənədlər müxtəlif beynəlxalq təşkilatların sənədlərində, qətnamə və qərarlarında da öz əksini tapmışdır. Belə olan təqdirdə məsələnin siyasi dialoq yolu ilə həlli aydındır. Azərbaycanın burada mövqeyi dəyişməzdir və dönməzdir. Həmin o qətnamələr tam olaraq yerinə yetirilməlidir”, - C.Bayramov vurğulayıb.