XİN: Rusiyanın “LifeNews” telekanalı Azərbaycana qarşı qərəz, yalan və böhtana əsaslanan siyasət yürüdür

XİN: Rusiyanın “LifeNews” telekanalı Azərbaycana qarşı qərəz, yalan və böhtana əsaslanan siyasət yürüdür "Ümid edirik ki, Rusiya tərəfindən bu cür təxribatçı və qanunazidd əməllər barəsində lazımi tədbirlər görüləcək"
Xarici siyasət
8 Yanvar , 2016 19:01
XİN: Rusiyanın “LifeNews” telekanalı Azərbaycana qarşı qərəz, yalan və böhtana əsaslanan siyasət yürüdür

Bakı. 8 yanvar. REPORT.AZ/ "Rusiyanın “LifeNews” telekanalı tərəfindən təxribatçı məqsədlərlə Azərbaycana qarşı qərəz, yalan və böhtana əsaslanan davamlı redaksiya siyasəti yürüdülür. 8 yanvar 2016-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim haqqında efirə getmiş veriliş kanalın bu qəbildən olan növbəti təxribatçılıq cəhdidir".

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilmiş müvafiq xəbərdarlığa da məhəl qoymayaraq, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edən “LifeNews” telekanalının çəkiliş qrupu Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini, köklü səbəblərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü və bir milyondan artıq azərbaycanlının kütləvi şəkildə etnik təmizləməyə məruz qalmasını məqsədyönlü şəkildə təhrif edir:

"Rusiya Federasiyasının hüquq və informasiya məkanında fəaliyyət göstərən “LifeNews” separatizm və ekstremizmi təşviq etməklə və Ermənistan-Azərbaycan münaqişəsinə dini çalarlar verməklə, ilk növbədə Rusiyanın müvafiq qanunlarının müddəalarını ciddi şəkildə pozur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bu cür təxribatçı fəaliyyəti ilə “LifeNews” ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd siyasət yürüdür. Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir və tanınır.

“LifeNews” rəhbərliyində təmsil olunan erməni lobbi dairələrinin təsiri altında bu kimi təxribatçı və jurnalist etikasından kənar fəaliyyəti ilə Rusiya ictimaiyyətini aldatmaq, dost və qonşu dövlət kimi Azərbaycan və Rusiya əlaqələrinə xələl gətirmək məqsədi güdür.

Bu kanalın Azərbaycana qarşı sistematik xarakter daşıyan qərəzli fəaliyyəti barəsində Rusiya Federasiyasının müvafiq dövlət orqanlarına müraciət ediləcək. Ümid edirik ki, Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən “LifeNews” bu cür təxribatçı və qanunazidd əməlləri barəsində lazımi tədbirlər görüləcək".

Son xəbərlər

Orphus sistemi