XİN başçısı: "Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik"

XİN başçısı: "Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik" Elmar Məmmədyarov: "Biz yeni Avropa Qonşuluq Siyasətinin yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışlayırıq"
Xarici siyasət
23 May , 2016 15:25
XİN başçısı: Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik

Bakı. 23 may. REPORT.AZ/ "Hazırda biz ikitərəfli əməkdaşlığımızın yenidən gücləndirilməsinə istiqamətlənmiş mövcud siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik. Həmçinin, biz Avropa İttifaqı ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etməyə də hazırıq".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib.

E.Məmmədyarov Azərbaycanın fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prinsiplərinin yeni Avropa Qonşuluq Siyasətinin yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışladığını bildirib. "Bu sənəd Avropa İttifaqının Şərq Avropa İttifaqının Şərq istiqamətində olan siyasətinin mövcud reallıqlara və tərəfdaşların tələbatlarına uyğunlaşdırılması üçün addım olacaqdır".

Xarici işlər naziri bildirib ki, Azərbaycan həmişə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında Aİ ilə münasibətləri inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirib: "Bir il əvvəl Azərbaycan Riqa Sammiti çərçivəsində Aİ-yə Strateji Tərəfdaşlıq Sazişinin layihəsini təqdim edib. Bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaqdır,.

Onun fikrincə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfəri ikitərəfli münasibətlərinin gələcək istiqamətlərini nəzərdən keçirmək və müzakirə etmək üçün yaxşı fürsət olub: "Biz birgə maraq kəsb edən bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və Strateji Tərəfdaşlıq Sazişinin əhatə dairəsi üzrə birgə məsləhətləşmələrin bu yaxınlarda yekunlaşdırılmasına böyük əhəmiyyət verərək başa düşürük ki, Aİ tezliklə danışıqlara başlamaq üçün rəsmi mandat əldə edəcəkdir.

Yenilənmiş AQS pan-Avropa enerji təhlükəsizliyinə nail olmaq üçün Cənub Qaz Dəhlizinin tamamlanmasının əhəmiyyətini bir daha təsdiq etdi. Bu möhtəşəm layihənin vaxtında və müvəffəqiyyətlə yekunlaşdırılması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir. Bu yaxınlarda Bakıda keçirilmiş, Federika Moqerini və Maros Sefçoviçin iştirak etdiyi Məsləhət Şurasının 2-ci Nazirlər Görüşü dəyəri milyardlarla ölçülən bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik ismarışını verdi. 17 may tarixində Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik qaz-kəmərinin təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoydu. Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır".

E.Məmmədyarov bildirib ki, nəqliyyat sahəsində də istifadə olunmamış böyük potensial var: "Azərbaycan regionda tranzit nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsinə daha çox töhfə vermək üçün bütün səylərini səfərbər etməkdə davam edir. Bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi ilə regionun ən əhəmiyyətli infrastrukturu sıralarına qoşulacaqdır.

Bu layihələr sırf iqtisadi-ticarət mənfəətləri ilə yanaşı daha çox təsirlərə malikdir. Onlar Aİ və Azərbaycan arasında birgə maraq kəsb edən daha geniş sahələrdə əməkdaşlıq etmək üçün effektiv alət rolunu oynayacaqlar".

O vurğulayıb ki, multikulturalizm və fərqlilik radikallaşma, ekstremizm və terrorizm kimi artan hədələri dəf etmək üçün geniş təşviq olunmalıdır: "Azərbaycan öz fəal multikultural cəmiyyəti ilə bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır. Yeri gəlmişkən, biz Aİ-nın xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizimlə praktiki əməkdaşlığın formalarının müəyyən edilməsi vasitəsi kimi baxırıq.

Aprelin 25-27-də Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətlər və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoq və multikulturalizmi zorakılıq və ekstremizmə qarşı mübarizə aparmaq və hamı üçün sülh, təhlükəsizlik və rifah təmin etmək yolu kimi təşviq etməkdə rəhbər sənəd olan Bakı Bəyannaməsini qəbul etmişdir. Forumun mövzuları və alt-mövzuları inkluziv cəmiyyətləri davamlı inkişafın əsas komponenti kimi təşviq edən və ədalət, sülh və təhlükəsizliyin yaradılmasını özündə ehtiva edən Davamlı İnkişaf üçün Gündəlik-2030-da öz əksini tapıb. Foruma dövlət və hökumət başçıları, rəsmi şəxslər, elm xadimləri, mütəxəssislər və vətəndaş cəmiyyəti və media nümayəndələri də daxil olmaqla, 4000-dən çox iştirakçı qatılıb.

Yenilənmiş AQS sabitliyi Avropa Qonşuluğunun bir çox tərəflərində ən təcili çağırış kimi irəli sürüb. Sözün əsl mənasında - əsl sabitləşməni təcili təhlükəsizlik çağırışlarına müraciət etmədən, daha dəqiqi, Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin nizamlanmasına nail olmadan təsəvvür etmək mümkün deyil".

Son xəbərlər

Orphus sistemi