Yuxarı
    Bağlamaq

    Xələf Xələfov: "Əldə olunan razılaşmalar yaxın zamanlarda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın üzərində işi tamamlamağa imkan verəcək"

    Xəzər məsələləri üzrə Xüsusi İşçi Qrupunun növbəti görüşü Tehranda keçiriləcək

    Bakı. 5 mart. REPORT.AZ/ "Bu günə mövcud vəziyyəti danışıqların yekun mərhələsi kimi qiymətləndirmək olar. Əldə olunan razılaşmalar yaxın zamanlarda son nəticə əldə etməyə və Xəzərin hüquqi statusu haqqında Konvensiyanın üzərində işi tamamlamağa imkan verəcək".

    "Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması ilə bağlı Xüsusi İşçi Qrupunun 39-cu iclasının yekunlarına dair mətbuat konfransında bildirib. 

    X.Xələfov qeyd edib ki,  Xüsusi İşçi Qrupunun görüşü zamanı Konvensiya ətrafında geniş müzakirələr aparılıb. 

    Nazir müavini əminliklə bildirib ki, bu məsələ ilə bağlı razılaşmanın əldə olunması 2016-cı ildə Astanada keçiriləcək "Xəzər beşliyi" Sammitində mümkün olacaq. 

    "Bütün prinsipial məslələr razılaşdırılıb. Mən əminəm ki, qalan məsələləri Astanadakı sammit zamanı razılaşdırmaq olar.  Bu görüşün Həştərxandakı sammitdən sonra ilk görüş olduğunu nəzərə alaraq, burada həmin sammit çərçivəsində əldə olunan razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə mövzusu idi",- nazir müavini vurğulayıb. 

    Onun sözlərinə görə, İşçi Qrupunun bütün iştirakçıları görüşün yekunlarını müsbət qiymətləndiriblər. 

    X.Xələfof xatırladıb ki, Həştərxandakı sammit çərçivəsində bir sıra məsələlər, o cümlədən təhlükəsizlik, gəmiçilik məsələləri, Xəzərin ehtiyatlarının qorunması, hidrometeorologiya məsələləri razılaşdırılıb. 

    O, Astanada keçiriləcək növbəti Xəzər sammitinə qədər Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb. Xüsusi İşçi Qrupu iclasının yekununda növbəti toplantının Tehranda keçirilməsi haqqında qərar qəbul edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi