Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyinin direktoru Cey Sinqhın "Report"a müsahibəsi:
- Azərbaycan hökuməti ilə USAID arasında hazırkı əməkdaşlığı necə qiymətləndirərdiniz?
- Azərbaycan müstəqilliyini qazandığı gündən biz bu ölkənin dostuyuq, yaxından əməkdaşlıq edirik. Azərbaycanla dost münasibətlərimizi gücləndiririk və bu, davam edəcək. Bu, bizim üçün çox mühümdür. Həmçinin ABŞ şirkətləri üçün uzun perspektivdə investisiya yatırmaq baxımından daha çox imkanlar olmasını istərdik. Azərbaycan hökuməti neft sektorundakı islahatları qeyri-neft sektorunda davam etdirmək əzmindədir. Bu islahatlar bizi ABŞ şirkətlərinin burada investisiya yatırmasına, buradakıların da Amerikada investisiya yatırmasına həvəsləndirməyə sövq edir. Yəni Azərbaycan şirkətlərinin ABŞ-da investisiya yatırmasında maraqlıyıq.
- USAID-in Azərbaycanda başlıca məqsədi nədir?
- İlk əvvəl iqtisadiyyatın inkişafına, ölkənin yeni təsisatlarına investisiya yatırırdıq. Münasibətlərimiz genişləndikcə missiyamızın başlıca məqsədi Azərbaycanla birgə işləyərək ölkənin iqtisadiyyatının şaxələndirilməsidir. Ölkələrimiz arasında davamlı əməkdaşlığın amalı hər iki ölkənin inkişafı və rifahıdır. Bu zəmində möhkəm dostluq münasibətlərimiz qurulur. Azərbaycanın qədim tarixinə baxmayaraq, təsisatları, demokratik ənənələri nisbətən gəncdir. Bizim məqsədimiz Azərbaycanın bu istiqamətdə inkişaf etməsinə kömək etməkdir. Həm də buradakı böyük yaradıcılıq potensialı istifadə olunmalıdır.
- Əməkdaşlığın hansı sahələri daha perspektivlidir?
- Azərbaycan kənd təsərrüfatı sahəsi geniş potensiala malikdir. Məsələn, kənd təsərrüfatında fındıq ölkənizin ikinci ixracat məhsulu kimi mühüm əhəmiyyət kəsb edir. Böyük ixracat potensialı olan başqa məhsul nardır. Məncə, biz bu məsələyə daha əhatəli yanaşmalıyıq. Biz Azərbaycanı plastik məhsulların istehsalı, bərpa olunan enerji mənbələrinin istifadəsi kimi sahələrdə regionun lideri görmək istəyirik. Ölkənizdə külək və günəş enerjisinin sənayə üsullunda istifadəsində böyük potensial var. Həmçinin Azərbaycanın Avropa İttifaqına və başqa ölkələrə enerji daşıyıcıları və ərzaq ixracatında da öncül mövqeyə sahib ola biləcəyini düşünürəm. Bu gün orta gəlirli ölkələrdən olan Azərbaycan böyük sərvətlərə, ehtiyatlara malikdir. Biz Azərbaycanla birgə inkişaf etmək istərdik. Azərbaycana köməyimizin bir investisiya kimi qəbul olunmalıdır. Buradakı yeni təsisatların inkişafına yardım göstərməyı təklif etmək istərdik. Mənim istəyim Azərbaycana özəl sektorun daha çox investisiyalarını cəlb etməkdir. Buna nail ola bilsək, ölkələrimiz daha da yaxın olacaq. Diqqət yetirdiyimiz başqa bir məsələ turizmin inkişafıdır. Ölkənizin mədəniyyətini, zənginliklərini tanıtdırmaq üçün hələ çox iş görmək olar. Bu baxımdan, işgüzar mühitin yaxşılaşdırılması vacib məsələdir. Əməkdaşlığımızın əhəmiyyətli məqsədi investisiya maneələrini dəf etməkdir.
- USAID Azərbaycanda yeni proqramlar tətbiq etməyi nəzərdə tuturmu?
- Energetika, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri ilə daha çox əməkdaşlıq etməyi düşünürük. Həmçinin yerli özəl müəssisələrlə də iş aparırıq. Bütün bunları yardımdan daha çox birgə investisiyalar kimi nəzərdə tuturuq. Azərbaycan heç də kasıb ölkə deyil, geniş imkanlara malikdir. Odur ki, birgə investisiyalar yatıraraq Azərbaycan hökumətlə, xalqı ilə bir yerdə böyüməyi hədəfləyirik. Məsələn, sosial iqtisadi inkişaf sahəsində İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirdiyimiz SEDA proqramı Azərbaycanda 200 mindən artıq sakinin yaşadığı 146 icma üzrə 123 layihəni uğurla başa çatdırıb. Həmin layihələr icmalarda tibb məntəqələrini, yem emalı müəssisələrini, hətta pendir istehsalı müəssisəsini ehtiva edir. 2011-2017-ci illər ərzində Azərbaycan hökuməti ilə USAID SEDA proqramında hərəyə 7,2 milyon ABŞ dolları ayıraraq əməkdaşlıq edib. Daha sonra USAID daha 3 milyon dollar ayıraraq bu proqramı 2019-cu ilin sentyabr ayınadək uzadıb.
Bununla yanaşı,
- USAID-in Bakı ofisinin yeni rəhbəri kimi, əməkdaşlığı daha da inkişaf etdirmək üçün daha hansı addımlar düşünürsünüz?
- Arxada qoyduğumuz 25 illik əməkdaşlıq dövrünə yekun vuraraq deyə bilərəm ki, Azərbaycan hökumətilə çox yaxşı əməkdaşlıq münasibətlərimiz var. ABŞ rəsmilərinin buraya səfərləri həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində tərəfdaşlıq münasibətlərinin genişlənməsinə böyük maraqların olduğunu ortaya qoyur. Şübhəsiz ki, qarşıda görüləcək hələ çox işlər var. Məsələn, əməkdaşlığımızın mühüm istiqaməti kənd infrastrukturunun inkişafıdır. Qafqazın lideri olan Azərbaycanın iqtisadiyyatını dəstəkləmək istəyirik. Yaxın tərəfdaşımız olan Azərbaycanla bu münasibətləri daha da inkişaf etdirmək istəyirik. Azərbaycan iqtisadiyyatının bundan sonra da dayanıqlığını və inkişafını dəstəkləmək üçün münasibətlərimizi genişləndirmək məqsədi ilə əlimizdən gələni edəcəyik.
Foto: Firi Salim