Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Qandinini qəbul edib.
XİN-dən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri, o cümlədən Uruqvayla son illər inkişaf etməkdə olan əməkdaşlıq münasibətlərindən bəhs edib.
Azərbaycana ilk səfərindən məmnunluq bildirən Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri beynəlxalq əhəmiyyət kəsb edən mövzuların, xüsusilə də mədəniyyətlərarası dialoq mövzusunun müzakirəsi baxımından Bakı Beynəlxalq Forumun əhəmiyyətini vurğulayıb. O, Uruqvayın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu ifadə edib.
Tərəflər Azərbaycan və Uruqvay arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildiriblər və iqtisadi sferada əməkdaşlıq imkanlarını müzakirə ediblər. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qarşı tərəfə məlumat verən nazir regionda davamlı sülh və əməkdaşlıq üçün erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.