"Bakıda keçirilən konfrans minatəmizləmə məsələlərində təcrübə, ən yaxşı texnologiyalar və yanaşmalar mübadiləsi üçün əla platforma yaradır".
“Report” xəbər verir ki, bunu BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı müvəqqəti işlər vəkili Suhrob Hocimatov deyib.
“Bu konfrans minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, ən yaxşı texnologiyalar, üsullar və yanaşmalar üzrə ən aktual məsələləri müzakirə etmək üçün platformadır. Azərbaycanın regional miqyasda mərkəz mövqeyinə malik olmasına şadam. Burada səsləndirilmiş tövsiyələr hamı üçün faydalı olacaq”, - o bildirib.
Xatırladaq ki, bu gün Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans işə başlayıb.
Gündəlikdə duran əsas məsələlər minatəmizləmə üzrə qlobal səylərin aktivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qurumlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, bu sahədə qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir.
Ümumilikdə, tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.