Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi" mövzusunda panel müzakirə keçirilib.
"Report" xəbər verir ki, müzakirəni Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov açıb.
O çıxışında qeyd edib ki, Azərbaycan forum təşəbbüsü ilə çıxış edərək, multikulturalizm və onun yaratdığı tendensiyaların müzakirəsi üçün böyük bir platforma yaradıb, bu sahəyə öz töhfəsini verib: "Yeni texnologiyaların inkişafı dünya üçün yeni yanaşmalar da tələb edir. Texnoloji inkişaf müsbət vədlərlə yanaşı, yeni təhdidlərin formalaşmasına gətirib çıxarır. Əminəm ki, panel müzakirələrdə bəşəriyyət üçün faydalı təklif və fikirlərin ifadəsini dinləyəcəyik".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla isə Azərbaycanda multikultural təhlükəsizlik doktrinasının fəal şəkildə tətbiq olunduğunu söyləyib. O qeyd edib ki, bütün dini, milli konfessiyalar Azərbaycan cəmiyyətində özünü azad və təhlükəsiz hiss edirlər:
"Azərbaycan dövləti heç bir dini konfessiyanı, etnik cəmiyyəti digərindən üstün hesab etmir. Bu modeli digər ölkələrdəki münasibətlə müqayisə etdikdə fərqi görə bilirik".
Çıxışlardan sonra davam edən müzakirələrdə Banqladeşin keçmiş səfiri və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan, Pakistanın UNESCO yanında daimi nümayəndəsi Asim İftixar Əhməd, "İsa Məsihin Son Günlər Müqəddəsləri" Kilsəsinin Mərkəzi Avropa və Avrasiya üzrə təmsilçisi Cek Noel Gerard, Parisdəki Ərəb Dünyası İnstitutunun direktoru Kərim İfrak və digər qonaqlar iştirak ediblər.