Ukraynada akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü anılıb

Ukraynada akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü anılıb Bu gün Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli alimi, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Xarici siyasət
28 Aprel , 2021 16:36
Ukraynada akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü anılıb

Bu gün Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli alimi, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə Azərbaycan səfirliyinin diplomatları, İrpen şəhərinin meri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, diaspor təşkilatlarının sədrləri, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi, gənclər və media təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə əklil qoyub, xatirəsinə dərin ehtiram ifadə olunub.

Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında, ictimai mühitində misilsiz xidmətləri olub: “Azərbaycan tarixən görkəmli şəxsiyyətlər yetişdirib, onlardan biri də Zərifə xanımdır. Hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım Əliyeva güclü həyat yoldaşı kimi ümummilli lider Heydər Əliyevə həmişə böyük dəstək olub. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır”-deyə, səfir vurğulayıb.

İrpen şəhərinin meri Aleksandr Markuşin isə çıxışında qeyd edib ki, Zərifə Əliyevanın adını daşıyan park şəhərdə ilk parkdır və Ukrayna vətəndaşların istirahət etdiyi gözəl məkanlardan biridir: “Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır”.

Sonra Aleksandr Markuşin İrpen şəhəri ilə əməkdaşlıgın inkişafında göstərdikləri xidmətə görə səfir Elmira Axundova, səfirliyin müşaviri Vüsal Süleymanov və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, müavin Həzi Aslanov medalla mükafatlandırılıb.

Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko bildirib ki, bir neçə il öncə o dövr deputat olan indiki səfir Elmira Axundova və digər deputatlar məktəbə rəsmən Zərifə Əliyevanın adının verilməsi məsələsini qaldırdılar, İrpen şəhər Şurasına müraciət etdilər. Bu müraciətdən bir müddət sonra problem həllini tapdı və 12 saylı orta məktəb rəsmən Zərifə Əliyevanın adını daşıyır.

Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev çıxış edərək Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıblar. Qeyd ediblər ki, Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, cənab Prezidentimiz İlham Əliyevin anasıdır. Ulu Öndər Heydər Əliyev dövlət işində, Zərifə xanım Əliyeva elm və səhiyyə sahəsində böyük uğurlara yol açaraq məktəb yaratdılar.

Tədbirin sonunda Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşova kompozisiya ilə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi