Ukrayna Konstitusiya Məhkəməsinin rəhbəri: “Yeni Konstitusiyanın tam əleyhinəyəm" - MÜSAHİBƏ

Ukrayna Konstitusiya Məhkəməsinin rəhbəri: “Yeni Konstitusiyanın tam əleyhinəyəm" - MÜSAHİBƏ Ukrayna Konstitusiya Məhkəməsinin sədr müavini Sergey Qolovatıyın “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.
Xarici siyasət
22 Fevral , 2022 10:08
Ukrayna Konstitusiya Məhkəməsinin rəhbəri: “Yeni Konstitusiyanın tam əleyhinəyəm - MÜSAHİBƏ

Ukrayna Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Sergey Qolovatıyın “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

- Ukraynada daxili və xarici miqyasda geniş islahatlara start verildiyi bəyan edilib. Konstitusiya Məhkəməsi bu marafonun harasındadır? Ümumiyyətlə, Konstitusiya hüquqlarının yenilənməsi, Konstitusiya islahatları zamanı hansı beynəlxalq münasibətlərdən istifadə olunur?

- Birincisi, Konstitusiya Məhkəməsi islahatların iştirakçısı deyil. Çünki Konstitusiya Məhkəməsi qeyri-siyasi xarakterli institutdur, məhkəmə orqanıdır, o, siyasətlə məşğul ola bilməz. Odur ki, məhkəmə heç bir siyasət həyata keçirmir və islahatlarda iştirak edə bilməz. Sadəcə, məhkəmənin özü 2016-cı ildə həyata keçirilmiş islahatların obyekti olub. O zaman məhkəmə hakimiyyəti sahəsində islahatlar aparılmışdı. Çünki 1996-cı ildə qəbul etdiyimiz Konstitusiyada əks olunanlar müasir tələblərə cavab vermirdi, axı onu qəbul edən şəxslər – siyasətçilər, elm sahəsinin xadimləri sovet təfəkkürlü, düşüncəli adamlar olmuşdu.

Məsələn, Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətinin tərkib hissəsi kimi göstərilmişdi. Əslində isə Konstitusiya yurisdiksiyası məhkəmə hakimiyyətinin tərkib hissəsi ola bilməz. Bunu yalnız 20 il sonra düzəltdik. Son islahatdan sonra Konstitusiya Məhkəməsinin hakimiyyət orqanları sistemində yeri fərqlidir, heç bir siyasi instituta, qanunverici, icraedici və məhkəmə orqanına tabe deyil. Bu, həm hakimiyyətin siyasi sisteminin – prezidentin, parlamentin, hökumətin fəaliyyətlərinə nəzarət həyata keçirən, həm də qismən məhkəmə hakimiyyətinə nəzarət edən spesifik yurisdiksiyadır. 2016-cı ildəki islahatlarda Konstitusiya Məhkəməsinə əlavə səlahiyyət də verilib. Artıq 5 ildən çoxdur Konstitusiya Məhkəməsi vətəndaşların fərdi şikayətlərinə də baxır.

Məsələn, vətəndaş bütün məhkəmə orqanlarına müraciət edib, məhkəmə orqanlarının onların hüquqlarını müdafiə etmədiyini düşünürsə, hətta ən yüksək instansiya olan Ali Məhkəmənin də qərarından narazıdırsa, hüquqlarının qorunması üçün bizə müraciət edə bilər. Beləliklə, biz islahatların obyekti olmuşduq. Məhkəmə hakimiyyətindən ayrıldıq, müstəqilliyimizi gücləndirdik. Bu yeni qaydalar çərçivəsində heç bir siyasi islahatlarda iştirak etmədən fəaliyyətimizi həyata keçiririk.

- Yenidən qayıdaq sualımızın ikinci hisssinə, 2020-ci ildə Ukraynanın Milli Təhlükəsizlik Strategiyası qəbul edilib və orada 5 ölkə, o cümlədən Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasının zəruriliyi qeyd olunub. Konstitusion fəaliyyət bu əməkdaşlıqda nə kimi rol oynayır?

- Konstitusiya məhkəmələri arasındakı əlaqələri nəzərdə tutursunuz?

- Bəli.

- Həmin ana qədər Ukrayna Konstitusiya Məhkəməsi ilə Azərbaycan Konstitusiya Məhkəməsi arasında müəyyən ikitərəfli əlaqələr olmuşdu. Əlaqələrin xarakterinə baxsaq, prinsipcə, Konstitusiya məhkəmələri nadir hallarda ikitərəfli əsasda işləyir. Onlar adətən informasiya mübadiləsi edirlər və daha çox regional əməkdaşlıq çərçivəsində kontaktlar reallaşır. Məsələn, Avpora Konstitusiya Məhkəmələri Konfransının iştirakçısıyıq. Bu konfrans çərçivəsində məlumat, təcrübə, fikir mübadiləsi həyata keçirilir. Hansısa məsələ ilə bağlı müəyyən qərar qəbul etmək lazım gələrkən başqa ölkələrin təcrübəsinə baxmaq, zəruri hallarda onları mənimsəmək normal haldır. Azərbaycanın hansısa təcrübəsini mənimsədiyimizi söyləyə bilmərəm. Amma istənilən halda əməkdaşlıq ikitərəfli formatdan çox, Avropa müstəvisində gedir. Çünki hər bir ölkənin öz Konstitusiyası var və o, məhz onu müdafiə edir. Digər tərəfdən, son illərdə pandemiyaya görə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri mümkün olmur.

- Söylədiniz ki, məlumat mübadiləsi edirsiniz. Azərbaycanla hansı mübadilələr olub?

- Baxın, katiblik mənə Azərbaycan Konstitusiya Məhkəməsi ilə əməkdaşlıqla bağlı kiçik dosye hazırlayıb (əli ilə fayldakı məlumatları göstərir – red.). Burada qeyd olunur ki, Azərbaycan Konstitusiya Məhkəməsi ilə hələ 1999-cu ildən əməkdaşlıq etməyə başlamışıq. Hər iki ölkədə müntəzəm görüşlər olub. Məsələn, 2010-cu ildə Ukrayna Konstitusiya Məhkəməsinin sədri Yuri Baulin Azərbaycan Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr olunan tədbirdə iştirak edib. O, əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Konstitusiya Məhkəməsinə Ukrayna Konstitusiya Məhkəməsinin Fəxri Fərmanını təqdim edib. 2015-ci ildə isə Azərbaycan Konstitusiya Məhkəməsi Batumidə keçirilən Avpora Konstitusiya Məhkəmələri Konfransında Ukraynanın təşəbbüsü olan ölkələrin ərazi bütövlüyünün qorunmasının Konstitusiya məhkəmələri çərçivəsində təsdiqində Ukrayna Konstitusiya Məhkəməsini dəstəkləyib.

- Ukrayna Konstitusiya Məhkəməsinə ən çox hansı məsələlər üzrə şikayətlər daxil olur?

- Müşahidələrimə əsasən, deyə bilərəm ki, ən çox şikayət sosial müdafiə sahəsi, əsasən də təqaüdlər üzrə daxil olur. Xüsusən Çernobıl əlilləri tərəfindən müraciət olur. Qanunverici orqan zaman-zaman bu əlilliyə görə müavinətin dərəcəsini dəyişir və əlillər bizə qədər şikayət edirlər. Bir çox hallarda müraciətləri müsbət nəticələnib. Çünki qanunverici orqan sosial müdafiənin azaldılması ilə nəticələnən dəyişikliklər edəndə bu, qanun pozuntusu olur. Bizim qərardan sonra qanunverici orqan da müəyyən artım etməli oldu. Eyni zamanda, dövlət işçiləri, prokurorluq əməkdaşları təyin olunan təqaüdlərinin məbləği ilə bağlı bizə şikayətlər edir. Çox da sahəvi bölgü etmədən deməliyəm ki, müraciətlərin çoxluğu baxımından ikinci yerdə məhkəmə orqanlarının qərarlarından şikayətlər, prosessual problemlər dayanır. İnsanlar məhkəmə sisteminin müəyyən bir mərhələsində hüquqlarının lazımi qədər qorunmadığını düşünərkən son ümid yeri kimi bizə müraciət elədiklərinə görə, bu cür şikayətlər də çox saydadır.

- Sergey Petroviç, necə düşünürsünüz, Ukraynada vətəndaşların konstitusion hüquqları tam qorunurmu? Problem varmı, varsa, nədir?

- Mən bütün hüquqi sistemə qiymət verə bilmərəm.

- Bəs konstitusiya hüquqları?

- Qeyd etdiyim kimi, məhkəmə sahəsində islahatlar 2016-cı ildə olub. Bunun üstündən cəmi 5 il keçib. Digər instansiyalarda fərdi şikayətlər çoxdan var, amma biz, necə deyərlər, işləyə-işləyə öyrənirik. Avropa İnsan Hüquqları Məhkəməsinin təlimatlarına ciddi şəkildə riayət etməyə çalışırq. Almaniya Federal Konstitusiya Məhkəməsinin təcrübəsindən fəal şəkildə faydalanırıq. İşimizə mənim qiymət verməyim düz olmazdı. Çalışırıq ki, ən yaxşı şəkildə xidmət edək.

- Sualdan bir qədər yayındıq. Konkret olaq, Ukraynada vətəndaşların hüquqları tam qorunurmu?

- İnsanlar yeni institutun tətbiqi ilə daha çox imkanlar, əlavə alət əldə ediblər. Çünki onlar məhkəmə sistemində müdafiə olunmadıqlarını gördükdə bizə gəlirlər. Biz də qanun və qaydalar çərçivəsində müraciətləri dəyərləndiririk, ərizəçini müdafiə edirik. O zaman edirik ki, qanun pozuntusu olduğu aşkara çıxarılsın. Bu, bizim əsas təyinatımız, vəzifəmizdir.

- Qanunvericilikdə hansı sferalarda ziddiyyətlər daha çoxdur?

- Axı biz analitik mərkəz kimi qiymətləndirmə və araşdırma aparmırıq. Biz qanunvericiliyə cavabdeh olan institut da deyilik. Bizim işimiz yalnız şikayətlərlə və ya Prezidentin, deputatların bizə verdiyi Konstitusiya təqdimatları ilə bağlıdır. Buna görə də hansı sahənin, sferanın daha çox ziddiyyətli olduğunu deyə bilmərəm.

- Ukrayna KİV-ində tez-tez oliqarxiya problemlərinin insanlar, cəmiyyət və ümumilikdə, ölkə üçün ciddi maneələr yaratdığını oxuyuruq. Bu problemi necə həll etməyi düşünürsünüz?

- Bu, bizim problem deyil.

- Sizdə oliqarxiya problemi yoxdur?

- Konstitusiya Məhkəməsində bununla bağlı bir iş belə yoxdur. Ümumilikdə baxsaq, Ukraynada oliqarxiyaya qarşı qanun qəbul edilib və hazırda o, Avropa Şurası Venesiya Komissiyasında Avropa standartlarına uyğunluğun yoxlanılması məqsədilə baxılma prosesindədir. Bu məsələ ilə bağlı hazırda Konstitusiya Məhkəməsində nə iş, nə də hansısa icraat var. Odur ki, sizə heç nə deyə bilməyəcəyəm.

- Ümumiyyətlə, Ukrayna Konstitusiyasının referendum yolu ilə yenilənməsi planlaşdırılırmı?

- Bu, bizə ünvanlanası sual deyil! Bu sualı siyasətçilərə - Prezidentə, deputatlara, hökumət nümayəndələrinə verə bilərsiniz.

- Yaxşı bəs bir hüquqşünas kimi buna ehtiyac görürsünüzmü?

- Mən sizinlə indi hüquqşünas kimi danışa bilmərəm. Mən vəzifə başındayam. Amma 1996-cı ildə qəbul edilmiş Konstitusiyanın müəlliflərindən biri kimi deyə bilərəm ki, onun yenilənməsinin əleyhinə olan hüquqşünaslardan, vətəndaşlardanam. Bu Konstitusiya milli dəyərdir. Onu qorumaq lazımdır. Çünki Ukraynanın bir neçə əsr ərzində dövləti olmayıb, imperiyaların tərkibində olub. Heç o imperiyaların da Konstitusiyası olmayıb. Üstəlik, hazırkı Konstitusiyamız 95 faiz Avropa standartlarına uyğundur. Digər 5 faizlik hissənin də üzərində işləyib təkmilləşdirmək, tam müasir formaya salmaq lazımdır. Amma yeni Konstitusiyanın tam əleyhinəyəm. Bu, öncəki Konstitusiyanın natamam, pis olması anlamına gələrdi.

Son xəbərlər

Orphus sistemi