Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) əsas lokomotivlərindən biridir və bu təşkilatla bağlı həyata keçirdiyi fəaliyyətlər təqdirəlayiqdir.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Kamil Aydın deyib.
İyulun əvvəlində TDT-nin Azərbaycanda keçirilən qeyri-rəsmi Zirvə Görüşünə mövqeyini bildirən deputat deyib ki, bu tədbirin Şuşada təşkil olunması dünyaya bir neçə mesaj kimi qiymətləndirilməlidir:
“TDT-nin lokomotivləri, aparıcı qüvvəsi olan Türkiyə və Azərbaycan liderlərinin çox yaxşı anlaşması Türk dünyasını canlandıran danılmaz faktdır. 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında müttəfiqlik əlaqələri haqqında imzalanmış Şuşa Bəyannəməsi necə iki ölkə arasında münasibətləri ən yüksək səviyyəyə gətirir, inanıram ki, bu dəfə TDT ilə bağlı Şuşada qəbul edilən Qarabağ Bəyannəməsi də bütünlükdə Türk dünyasına uğurlar gətirəcək".
K.Aydının fikrincə, Prezident İlham Əliyev bu beynəlxalq tədbirin Şuşada keçirilməsinə qərar verməklə dünyaya daha bir mesaj ünvanlayıb:
"Cənubi Qafqazda fəaliyyətlərimizin qarşısında ən çox dirənən ölkə erməni diasporunun fəal olduğu Fransadır. Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Ona görə də cənab Əliyev bu tədbiri bilərəkdən əsarətdən xilas olan, azadlığına qovuşan Şuşada keçirdi və bu da şəhərin tarixi Azərbaycan, tarixi türk torpağı olduğunun daha bir isbatdır".
TDT-ni həm də iqtisadi güc birliyi kimi dəyərləndirən Kamil Aydın deyib ki, Azərbaycan iqdisadi, ticari, sərmayə baxımından digər türk dövlətlərindən öndə görünməklə bərabər, nümunəvi addımları ilə TDT-yə stimul verir:
“Azərbaycan TDT katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdü, bu addım digər türk dövlətlərini də hərəkətə gətirəcək bir nümunədir. TDT bərabər söz haqqı əsasında 500 milyon dollarlıq bir investisiya fondu yaradıb. Biz gözəl bir başlanğıc etdik: bərabər qatqı, bərabər idarəetmə, bərabər haqq. Bu, demokratiya adına müdhiş bir hərəkətdir. Bu, həm də bütün dünyaya beynəlxalq münasibətlərin inkişafında "TDT-nin təşəbbüsləri var" anlamını daşıyır".
Dünyada Avropa İttifaqı, Avropa Komissiyası, NATO, BMT kimi beynəlxalq qurumların birgə fəaliyyətlərindən də danışan deputat əlavə edib ki, TDT də “Birlikdən güc doğar” prinsipi ilə yetərincə güclənə bilər:
“Biz türkdilli xalqlar olaraq onsuz da bir ailəyik. TDT bir beynəlxalq təşkilat olaraq bu ailənin güclənməsi və böyüməsi üçün aktivliyini saxlamalıdır. BMT Təhlükəsizlik Şurasında üzv ölkələrin sayı çox olsa da, qərarı yalnız beş ölkə verir".
Kamil Aydın Şuşa zirvəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Böyük Türk dili modeli” təklifini də təqdir edərək bildirib ki, TDT-nin daha da inkişafı üçün əsas önəm verilən məsələlərdən biri də gələcəkdə ortaq bir dil üzərində fəaliyyətlərin həyata keçirilməsidir:
"Avropa Birliyində ingilis və fransızca danışılır. Biz türk ailəsi olaraq bir-birimizi anlasaq da, daha rahat ünsiyyət üçün ortaq dilimizin olması vacibdir. Çünki mədəniyyətlərin əsas hərəkətverici qüvvəsi dildir. Bu inkişaflarla TDT-də olan bütün ölkələrin vətəndaşları Avropa İttifaqına üzv ölkələrin vətəndaşları kimi gələcəkdə şəxsiyyət vəsiqəsi ilə bir-birinin ölkəsinə səyahət də edəcəklər".