“Biz həmişə münaqişənin hərtərəfli həllinə ehtiyac olduğunu vurğulamışıq. Bu istiqamətdə işləyirik”.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunları Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.
“Hesab edirəm, məsələ (Ermənistan-Azərbaycan münaqişəsi) sonda hərtərəfli nizamlanmanın olmasından ibarətdir. Münaqişənin necə başladığını hamımız bilirik, onu nəhayət həll etmək lazımdır”, - Aİ rəsmisi əlavə edib.
“Aldığım mesaj ondan ibarətdir ki, liderlərin (Azərbaycan, Ermənistan və Aİ Şurasının sədri Şarl Mişel-red) bir neçə həftə əvvəl Brüsseldə keçirilən görüşü konkret nəticələr verdi. Sərhəd komissiyalarının ilk iclası keçirilib. Sonra kommunikasiya xətlərinin açılması məsələsini müzakirə etmək üçün Moskvada baş nazir müavinlərinin görüşü baş tutdu və liderlər bunu Brüsseldə də müzakirə etdilər. Və bu bizi ruhlandırır. Bakının reaksiyası ondan ibarətdir ki, həm Brüssel görüşünün, həm də onun sonrakı gedişatının qiymətləndirilməsi müsbətdir. Beləliklə, kifayət qədər müsbət tendensiya var. Və düşünürəm ki, onu inkişaf etdirmək olar”, - Klaar bildirib.
Münaqişənin nizamlanması ilə bağlı Brüssel və Moskva arasında mümkün rəqabətlə bağlı deyilənlərə gəlincə, Toivo Klaarın fikrincə, Aİ “müəllif hüquqları”na iddia etmir və hazırda ən başlıca məsələ prosesi irəli aparmağa çalışmaqdır.
“Avropa İttifaqı heç bir şeyə müəlliflik hüququ iddia etmir. Biz tərəqqi görməkdə və onu dəstəkləməkdə maraqlıyıq. Düşünürəm ki, Prezident Mişelin (Ermənistan və Azərbaycan-red) liderləri ilə üç görüşü, eləcə də Prezident Makronun Azərbaycan və Ermənistan liderləri ilə görüşü ilə buna nail ola bildi. Bizim etmək istədiyimiz də budur”, - avropalı diplomat başqa formatların, xüsusən də Moskvada ölkə liderləri səviyyəsində üçtərəfli görüşlərin olduğunu xatırladıb.
O, həmçinin Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərinin Moskvada regionda kommunikasiyaların açılması məsələlərinə dair İşçi Qrupunun sonuncu iclasına toxunub. “Bu, bizi düzgün istiqamətə yönəldirsə, çox yaxşıdır. Axı Avropa İttifaqının yeganə marağı prosesi asanlaşdırmaq və uzunmüddətli hərtərəfli nizamlanmanın əldə olunmasına kömək etməkdir”, - Klaar əlavə edib.