“İkinci Qarabağ müharibəsindəki şanlı qələbə Azərbaycanı BMT-nin prinsiplərinə son dərəcə sadiq və insan hüquqlarını müdafiə edən nadir ölkələrdən biri edir".
Bu barədə "Report"a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində videoformatda çıxışını şərh edərkən bildirib.
“Çıxışı zamanı Azərbaycan Prezidenti çox vacib mövzulara toxundu, Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasının fəal tərəfdarı kimi çıxış etdi”, - Piter Teys deyib.
Onun sözlərinə görə, Prezident Əliyev çox dəqiq çıxış etdi və çoxtərəfli əməkdaşlıq platformaları geosiyasəti üzərində ətraflı şəkildə dayandı.
“Prezident İlham Əliyevin çıxışı möhtəşəm idi və özündə liderliyin, cəsarət və qətiyyətliliyin xüsusiyyətlərini əks etdirdi”, - o fikrini tamamlayıb.